İri buynuzlu heyvanların süngərvari ensefalopatiyası

Xəstəliyin adı: Iri buynuzlu heyvanların süngərvari ensefalopatiyası (quduz, dəli inək xəstəliyi) – prionlu xəstəlik olub, mərkəzi sinir sisteminin neyrodegenerativ xarakterli zədələnməsi və xəstələnmiş heyvanların tələfatı ilə təzahür edir. Iri buynuzlu heyvanların süngərvari ensefalopatiyasının prionu qoyunların skrepinin prionundan əmələ gəldiyi qeyd edilir. Təbii şəraitdə iri buynuzlu heyvanlar həssasdır. Daha çox yaşlı heyvanlar xəstələnirlər.

Ilk simptomlar: Törədici xəstə heyvanlardan sağlamlara yoluxmuş yemi qəbul edərkən keçir. Xəstə heyvanların əti, südü təhlükəli hesab edilmir, çünki onlarda prionlar cüzi miqdarda olur. Inkubasiya dövrü 1 ildən 25-30 ilə qədər davam edir. Gedişi ləng inkişaf edən, remissiyasızdır, əlamətləri mərkəzi sinir sisteminin zədələnməsi ilə təyin edilir, davranış, hissiyat, hərəkət orqanlarının pozulması və qaşınma, keçəlləşmə ilə xarakterizə olunur. Xəstəliyin başlanğıncında coşğunluq, əsəbiliyə keçən halsızlıq, anomal qorxaqlıq, xüsusən də, toxunulmaya və səslərə şiddətli reaksiya baş verir.

Digər simptomlar: Heyvan belini qövs şəklində əyir, quyruğun kökünü qldırır, qulaqları ilə tez-tez assimetrik hərəkətlər edir, dişlərini qıcıldadır, başı ilə müxtəlif səthlərə sürtünür, dili ilə dodaqlarını, burnunu və dırnağını yalayır, tez-tez asqırır, əsniyir və mələyirlər. Hərəkət koordinasiyasının pozulması löhrəm yeriş, ətrafların qeyri-proporsional qoyulması, xüsusən arxa ətraflarla ləngər vurmaq təzahür edir. Heyvanlara və insanlara qarşı şiddətli reaksiya, quduzluğa oxşar aqressivlik mümkündür. Tədricən ətrafların parezi və iflici müşahidə olunur. Heyvan hərəkət edərkən ətrafları dolaşır, yıxılır, çətinliklə qalxırlar. Iştaha dəyişmir, temperatur normal olur, sağımın azalması, arıqlama əlamətləri ilə xəstəlik 2 həftədən 15 aya qədər davam edir, ölümlə nəticələnir.

Diaqnoz: Epizootoloji, kliniki, patoloji-anatomik məlumatlar və ölümdən sonra aparılan  laborator  diaqnostika  nəzərə alınmaqla kompleks qoyulur. Laboratoriyaya ölmüş və ya məcburi kəsilmiş heyvanların baş beyni göndərilir. Əsas müayinə üsulları histopotoloji, immunohistokimyəvi, immunoferment və biloji sınağın aparılmasıdır.

Müalicə: Xəstə heyvanların iribuynuzlu heyvanların süngərvari ensefalopatiyasının diaqnozu aparılır, xəstə heyvanlar utilizasiya edilir yaxud cəmdəklər zərərsizləşdirilir. Müalicə səmərə vermədiyindən aparılmır.

Profilaktika: Spesifik profilaktika yoxdur. Qeyri-sağlam zonalardan və ya ölkələrdən damazlıq mal-qaranın, ətin, konservlerin, yarımməhsulların və yarımfabrikatların, ət- sümük ununun, heyvan toxumlarının, embrionların, texniki piyin, bağırsaq xammalının və gövşəyən heyvan mənşəli məhsulların və yemlərin gətirilməməli; xüsusən də qeyri-sağlam ölkələrədn damazlıq mal- qaranın və bioloji toxumaların alınmasına ciddi nəzarət; gövşəyən heyvanlara İBH-dan və qoyunlardan hazırlanmış ət-sümük unlarının yemləndirilməsinə qadağa qoyulması; hər hansı mənşəyi məlum olmayan yem və yem əlavələrinin istifadə olunmasına qadağa qoyulması; hər bir şübhəli vəziyyətlərdə diqqətli diaqnostika, xüsusən 3 yaşdan yuxarı kəsilmiş İBH- ın beyin nümunələrinin laborator monitorinqi.

Təfriqi diaqnoz: Quduzluq, Auyeski, listerioz, infeksion ensefalomielit, infeksion rinotraxeitin sinir forması, yaman kataral isitmə,  müxtəlif mənşəli ensefalitlər, kontagioz olmayan toksikoinfeksiyalar (dovşancıq, botulizm), metabolitik xəstəliklər (hipokalsemiya, hipomaqneziya, otlaq tetaniyası), zəhərlənmələr (qurğuşun, civə, fosforlu üzvi birləşmələr, karbamatlar, arsen)  təfriq edilməlidir.

Qeyd: Xəstəlik zamanı imunitet formalaşmır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.