İri buynuzlu heyvanların respirator-sinsitial infeksiyası

Buzovların iti gedişli virus xəstəliyi olub, qızdırma və əsasən respirator orqanların selikli qişasının kataral iltihabı ilə səciyyələnir. TörədicisiParamixoviridae ailəsindən olan RNT-li virusdur. Antigen xüsusiyyətinə görə IBH-ın respirator-sinsitial virusunun bütün ştammları bir-biri ilə, eləcə də insanların virusu ilə RSİ antigen qohumluq əlaqəsi vardır. Virus xarici mühit amillərinə az davamlıdır, 560C-də 30 dəqiqə, 370C-də 24 saatdan sonra inaktivləşir. Xəstəlik kənd təsərrüfatı heyvanlarından  iribuynuzlular  arasında yayılmışdır. 1 aylıq yaşa qədər olan buzovlar daha həssasdırlar. Yaşlı heyvanlarda RS virusuna qarşı anticisimlər olduğuna görə xəstəlik simptomsuz keçir.

Ilk simptomlar. İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş iribuynuzlu heyvanlardır. Törədici tənəffüs yollarının selikli qişalarına düşdükdən sonra epiteli hüceyrələrində reproduksiya edir. Bu isə iltihaba və qan dövranının pozulmasına, serroz mayenin alveol və bronxların daxilinə toplanmasına, distrofik və nekrotik dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. İnkubasiya dövrü 2-3 gündür. Xəstəlik daha çox bütün heyvanları əhatə etməklə epizootiya formasında  iti gedişli, kliniki əlamətsiz baş verir.

Digər simptomlar. Cavan buzovlarda isə bədən temperaturu 41,50C  yüksəlir. İştaha azalır, halsızlıq, ağız suyunun artması, çətin və tezləşən tənəffüs, quru öskürək, burun boşluğunda serrozlu-selikli axıntı, konyunktivit, müxtəlif ağırlıq dərəcəsində olan bronxopnevmoniya, ağciyərlərin şişməsi və enfezeması, interstisial pnevmoniya müşahidə edilir. Xəstəlik buzovlarda 3-5 gün, inəklərdə 8-10 gün davam edir. Yoluxmadan 3-6 gün sonra burun boşluğunun selikli qişasının hüceyrələrində spesifik antigen və törəmələri, nəhəng hüceyrələr aşkar edilir.

Diaqnoz:  Epizootoloji məlumatların, xəstəliyin kliniki təzahürünə, patoloji-anatomik dəyişikliklərə və laborator müayinələrin nəticələrinə əsasən qoyulur. Laborator müayinəyə – patoloji materialdan virus antigeninin immunoflyuoressensiya üsulu ilə aşkar edilməsi, virusun hüceyrə kulturasında ayrılması, onun KBR, DHAR, İDR, NR, pilək yaranmasının yatırılması reaksiyası, İFA-da identifikasiyası, rekonvalessentlərin qan zərdabında spesifik antitellərinin artımının DHAR və KBR-də aşkar edilməsi aiddir.

Müalicə: Spesifik müalicə məqsədilə rekonvalessentlərin (sağalmaqda olan heyvanlar) qan zərdabından, habelə spesifik immun qan zərdabının və immun stimulyatorların bütün müsbət keyfiyyətlərini özündə cəmləyən donorların qanından alınan immun tənzimləyici qan zərdabından – kompleks preparatlardan istifadə olunur. İmmun tənzimləyici qan zərdabı həm profilaktik, həm də müalicə məqsədilə işlədilir. Bu məqsədlə təsərrüfatın rekonvalessent heyvanlarının qan zərdabı və antibiotiklərlə birlikdə heyvanlarda aerozol yolla passiv peyvənd aparılır.

Profilaktika: Spesifik profilaktikada peyvəndləmə tətbiq edilir. Profilaktika baytarlıq-sanitariya qaydalarına əməl edilməsi, infeksiyanın düşməsinə imkan verilməməsi, yeni gətirilən heyvanların profilaktik karantində saxlanması, xəstəliyə vaxtında diaqnoz qoyulması, xəstə və xəstəliyə şübhəli heyvanların təcrid edilməsi, dezinfeksiya tədbirlərindən ibarətdir.

Təfriqi diaqnoz: Paraqrip-3, adenovirus infeksiyası, infeksion rinotraxeit, IBH-ın parvovirus infeksiyası, pasterellyoz, xlamidioz, viruslu diareya və koronovirus infeksiyalarından təfriq edilməlidir.

Qeyd: Xəstəliyi keçirmiş iribuynuzlu heyvanlarda spesifik anticisimlər əmələ gəlir və təkrar yoluxmaya qarşı uzun müddət davamlılıq yaranır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın