Iri buynuzlu heyvanların leykozu

Hemolimfopoetik sistemin yaman keyfiyyətli şaxələnmələrlə xarakterizə edən şiş təbiətli xroniki yoluxucu xəstəlikdir. Törədicisi Retroviridae ailəsinin Oncornavirinae (şiş virusları) yarım ailəsinə mənsub RNT-li  virusdur. Xəstəliyə 4 yaşdan yuxarı yüksək məhsuldar cinslərdən olan heyvanlar həssas, 6-24 aylığadək heyvanlar davamlıdırlar.  Virusun postnatal keçməsi süd yaxud təmasla baş verir.

Ilk simptomlar. Leykoz uzun müddət inkubasiya dövrünə malik olması ilə səciyyəvidir. Bu dövrdə qanda virus və ona qarşı anticisim aşkar edilir, 2-6 il davam edir. Xəstəliyin inkişafında 4 mərhələ ayırd edilir: leykozqabağı, başlanğıc (kliniki nişanələrə qədər), açıqlanmış (kliniki-hematoloji) və sonuncu – terminal (şiş) mərhələsi. Leykozqabağı mərhələdə xəstəliyə şübhəlilərdə limfoid hüceyrələrin hesabına limfositoz (14min/mkl və ya 14×109/l) formasında təzahür edir. Heç bir patoloji proses inkişaf etmir. Başlanğıc mərhələdə xəstəliyin kliniki əlamətləri görünmür, lakin qanın tərkibinin miqdarca və keyfiyyətcə davamlı surətdə dəyişikliyi – leykositlərin miqdarı 15-dən 40 min/mkl (15..40×109/l) arasında dəyişir. Bu vəziyyət heyvana heç bir patoloji təsir göstərmir, məhsuldarlıq, süd vermə dəyişmir. Xəstəliyin xroniki halı şiddətlənərsə südün azalması, arıqlama yaranır xəstəlik açıqlanmış mərhələyə keçir.

Digər simptomlar. Açıqlanmış mərhələ hematoloji dəyişikliklərlə bərabər, müxtəlif spesifik, qeyri-spesifik kliniki əlamətlərlə səciyyələnir – halsızlıq, iştahasızlıq, südün azalması, mədə önlüklərinin atoniyası və onun diareya ilə əvəz olunması təzahür edir. Səthi limfa düyünləri sürətlə şişir, ürək fəaliyyəti zəifləyir, nəbz sürətlənir (dəqiqədə 110-120) qeyd olunur. Bu mərhələ bir neçə aydan 1-2 ilədək, bəzən 3 il davam edir. Terminal-şiş mərhələsində patoloji prosesin inkişafı və kliniki əlamətlərin daha aydın təzahürü nəzərə çarpır. Belə ki, limfa düyünləri kəskin böyüyür bədənin səthində görünürlər. Döşaltı, çənəarası, ayaq nahiyyələrində dərialtı toxumada şişlər yranır, qanın leykositlərinin miqdarı bəzən azalır, lakin onların patoloji formaları çoxalır ki, nəticədə immun sistemin blokadaya alınması və heyvanın ölümü baş verir. İBH-da leykozun bəzən dəri formaları da qeyd edilir (dəridə şişkinlik).

Diaqnoz. Leykoza ilkin diaqnoz histoloji müayinə aparılmaqla epizootoloji, kliniki-hematoloji, seroloji və patoloji-anatomik məlumatlar əsasında qoyulur. Kliniki əlamətlər xəstəliyin sonunda yarandığına görə onlar diaqnostikada yalnız köməkçi əhəmiyyət kəsb edir.

Müalicə. Leykozun müalicə sxemi və peyvəndləmə işlənməmişdir.

Profilaktika. Leykoz aşkar edilmiş təsərrüfat qeyri-sağlam hesab edilir və orada xəstəliyin yayılmasının qarşısını ala biləcək kompleks məhdudlaşmalar qoyulur. Təsərrüfatda 10%-dək xəstə heyvanlar aşkar edilərsə heyvanlar təcili kəsimə göndərilir. Hər 3 aydan bir seroloji müayinə aparılır. Sağlamlaşdırılma aparılan təsərrüfatlarda süd pasterilizasiya edildikdən sonra təsərrüfat daxilində istifadə edilir. Heyvanların təsərrüfatdan çıxarılmasına qadağalar qoyulur. 30%-dək yoluxma baş verdikdə isə heyvanlar 6 aydan bir hematoloji üsulla yoxlanılır. Damazlıq işi üçün nəzərdə tutulan bütün heyvanlar immun-diffuz reaksiyası ilə yoxlanılmalıdır. Leykozla qeyri-sağlam təsərrüfatlarda dezinfeksiya işləri mövcud qaydalara əsasən yerinə yetirilməlidir.

Təfriqi diaqnoz. İBH-ın xroniki infeksiyaları (aktinomikoz, vərəm, paratuberkulyoz, bruselyoz), bəzi yoluxucu xəstəlikləri (hepatitlər, sirrozlar, amiloidli distrofiya, qaraciyərin başqa xəstəlikləri, mastitlər, pnevmaniyalar, retino-perikarditlər, nefritlər), leykemoid reaksiyaları adlanan leykoza oxşar dəyişikliklərlə müşayət olunan hematoloji göstəricilər nəzərə alınmalıdır.

Qeyd. Xəstə və xəstəliyə yoluxmuş heyvanlar təsərrüfatdan çıxarıldıqdan və 6 aylıqdan yuxarı yaşda olan heyvanlar arasında 3 ay fasilə ilə aparılan seroloji müayinələrdə 2 dəfə ardıcıl olaraq mənfi nəticə alındıqdan, habelə binalarda və fermanın ərazisində tam dezinfeksiya tədbirləri aparıldıqdan sonra təsərrüfat leykozdan sağlamlaşdırılmış hesab edilir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.