Iri buynuzlu heyvanların infeksion rinotraxeiti

Iri buynuzlu heyvanların iti gedişli, kontagioz xəstəliyi olub, əsasən tənəffüs traktının kataral-nekrotik zədələnmələri, pustulyoz vulvovaginit, balanopostit, mərkəzi sinir sisteminin pozğunluqları və balasalmalarla səciyyələnir. Törədici – Herpesvirus bovis 1 DNT-li herpesviruslar ailəsinə mənsub virusdur.  Yaşından, cinsindən asılı olmayaraq bütün İBH yoluxurlar, xüsusilə 1 yaşdan yuxarı cavanlar xəstəliyə daha həssasdır.  

Ilk simptomlar. Xəstəlik mənbəyi xəstə və gizli virusdaşıyıcı heyvanlardır. Virus xarici mühitə burun, göz, cinsiyyət orqanlarının axıntıları, süd, sidik, kal kütləsi və sperma ilə xaric olur. Tənəffüs yollarının və ya cinsiyyət orqanlarının selikli qişalarına düşdükdə epiteli hüceyrələrinə daxil olur, orada çoxalaraq onların məhv olmasına səbəb olur. Fermada işlədilən avadanlıqlar, nəqliyyat vasitələri, gəzinti sahəsindəki quşlar, orada işləyən insanlar virusun ötürülməsinin əsas faktorlarıdır. Inkubasiya dövrü orta hesabla 2-4 gün, nadir hallarda çox ola bilər. Xəstəlik əsasən iti keçir. Bir-birindən fərqlənən nişanələr rinitlər, traxeitlər, laringitlər, pustulyozlu vulvovaginitlər, ensefalitlər, konyunktivitlər və artiritlər müşahidə edilir. Respirator orqanlar zədələndikdə xroniki serrozlu-irinli pnevmoniya baş verir ki, bu da buzovların 20% ölümünə səbəb olur. Genital formada xarici cinsiyyət orqanları zədələnir, endometrit, törədici buğada orxitlər inkişaf edir ki, qısırlığa səbəb olur.

Digər simptomlar. Balasalma və dölün ana bətnində ölməsi yoluxmadan 3 həftə sonra müşahidə edilir ki, bu da rekonvalessent boğaz inəklərin qanında anticisimlərin titrinin artması ilə eyni vaxta düşür. Iti mastit, yelinin həddən çox iltihablaşması, böyüməsi, südün azalması xəstəliyin kliniki əlamətlərindəndir. Hərəkət funksiyasının və müvazinətın itməsi, əzələ tremoru, böyürmə, dişlərin xırçıldadılması, qıcolma, ağız suyunun axıntısı müşayət olunur. Xəstəliyin respirator formasında temperatur 41-420C, burun-udlağın və traxeyanın selikli qişalarının hiperemiyası, quru öskürək, burun və ağızdan selikli axıntı ilə özünü göstərir. Xəstəlik cavan heyvanlarda ensefalit formada da baş verir ki, coşqunluq və aqressiya, eləcə də hərəkət koordinasiyasının pozulması əlamətləri ilə təzahür edir. Mürəkkəbləşmə olmadıqda xəstə heyvanlar 10-14 gün sonra sağalırlar.

Diaqnoz. Kliniki, epizootoloji məlumatlar, orqan və toxumalarda gedən patoloji-anatomik dəyişikliklər nəzərə alınmaqla, laborator müayinələrin nəticələri əsasında qoyulur. Laborator diaqnostikada NR və ya İFR ilə identifikasiya, İFR ilə İRT-virusu antigeninin aşkarlanması, qanda NR və ya İFR vasitəsilə antigenin aşkar edilməsinə əsaslanır. İBH infeksion rinotraxeiti anticimi aşkarlanan heyvanlar praktiki olaraq ömrü boyu gizli xəstəlik mənbəyi olan virusdaşıyıcılardır.

Müalicə. Xəstə heyvanlar təcrid olunur və müalicə məqsədilə polivalent hiperimmun qan zərdabından dərman və dezinfeksiya maddələrinin aerozollarından istifadə edilir, eyni zamanda simptomatik müalicə aparılır.

Profilaktika. Xəstəliyə qarşı spesifik vaksinasiyada aktiv peyvəndləmə məqsədilə diri və inaktivləşdirilmiş vaksinlərdən istifadə olunur. Inaktivləşdirilmiş vaksinlərdə damazlıq və südçülük təsərrüfatlarında istifadə olunması tövsiyyə olunur. Peyvənd edilmiş heyvanlarda vaksinin tipindən asılı olaraq 6-12 ay müddətində immunitet yaranır. Xəstəliyin qarşısının alınması məqsədilə ümumi profilaktik tədbirlərə əməl edilməli, mexaniki təmizlənmə və dezinfeksiya tədbirləri mütəmadi aparılmalıdır. Qeyri-sağlam təsərrüftalarda karantin tədbirləri tətbiq edilməli, xəstə heyvanlar təcrid olunaraq müalicəyə cəlb olunmalıdır.

Təfriqi diaqnoz. İBH-ın rinotraxeiti dabaqdan, yaman keyfiyyətli kataral isitmədən, paraqrip 3-dən, adenovirus, xlamidiyoz, viruslu diareya, respirator sintisial infeksiyadan və pasterelyozdan istisa edilməlidir. Təfriqi diaqnostikada bakterioloji, virusoloji, seroloji və s. laborator müayinə üsullarının istifadəsi zəruridir.

Qeyd. Kəsimə göndərilmiş xəstə heyvanın ətinin istifadəsi mümkündür, dərisi 48 saat natrium xlor məhlulunda saxlanılmaqla dezinfeksiya edilməlidir. Karantin məhdudiyətləri son sağalmadan 30 gün sonra dezinfeksiya tədbirləri aparılaraq götürülə bilər.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın