Iri buynuzlu heyvanların infeksion keratokonyunktiviti

Iri buynuzlu heyvanların polietiologiyalı iti gedişli və sürətlə yayılan xəstəliyi olub, isitmə, kataral konyunktivit və irinli-yaralı keratitlə səciyyəvidir. Xəstəlik törədiciləri – moraksellalar, rikketsiyalar, mikoplazmalar və xlamidiyalardır. Xəstəliyə İBH, qoyunlar, keçilər, dəvələr, quşlar həssas olub, əsasən 5 aylıqdan 2 yaşa qədər olan cavanlar yoluxurlar.

Ilk simptomlar. Törədicilər bilavasitə və dolayı təmasla, həmçinin milçəklərin iştirakı ilə mexaniki yolla keçə bilir. Inkubasiya dövrü 2 gündən 3 həftəyə qədər davam etdikdən sonra heyvanın bir yaxud da iki gözündə də zədələnmə müşahidə edilir. Əsas nişanələr – əvvəlcə kataral gözyaşı axıntısı, işıqdan qorxma və göz qapaqlarının spazması ilə səciyyələnən konyunktivitdir. Heyvanlarda narahatlıq, kölgədə dayanmaq, yemdən qalma, süd vermənin azalması təzahür edir. Konyuktivanın iltihabi qızarması, şişməsi, kataral-selikli göz yaşı axıntısı, buynuz təbəqədə kataral, bəzən də fibrinozlu-irinli keratit inkişaf edir.

Digər simptomlar. Buynuz təbəqənin tutqunlaşmış hissəsinin şişkinliyi və korluqla nəticələnən yaranın inkişafı müşahidə edilir. Müalicə aparıldıqda sağalma müşahidə edilir. Ağırlaşmış formada buynuz təbəqənin yırtılması, büllurun düşməsi, gözün atrofiyası müşahidə edilir. Xəstə heyvanda halsızlıq, temperaturun yüksəlməsi, iştahanın azalması əlamətləri təzahür etdikdə heyvanları çıxdaş etmək lazımdır.

Diaqnoz. Epizootoloji, kliniki, bakterioloji, virusoloji və seroloji müayinələrə əsasən qoyulur. Bakterioloji və virusoloji müayinələr üçün göz qapaqları arasında toplanmış ifrazat nümunəsi tədqiq edilir. Seroloji diaqnostika KBR, AR, HAR, DPR, İFA, PZR və s. müayinələrlə aparılır.

Müalicə. Xəstəliyin ilkin nişanələri təzahür edən zaman müalicəyə başlanılmalıdır. Terapiya ümumi möhkəmləndirici vasitələrin və geniş spektrli təsirə malik antibiotiklərin (tilozin, eritromisin, xlormisetin və s.) məlhəm şəklində tətbiqindən ibarətdir.  Ağır hallarda novokain blokadası aparılır, heyvanlar qaranlıqlaşdırılmış binalarda yerləşdirilir. Spesifik müalicə ilə yanaşı A vitamini, qlükokortikoidlərlə yerli müalicənin aparılması yaxşı səmərə verir.

Profilaktika. Yeni gətirilmiş heyvanlar profilaktiki karantinə, kliniki baxışa və seroloji müayinəyə cəlb edilir. Xəstəlik aşkar edildikdə təsərrüfata məhdudiyyət qoyulur. Xəstə heyvanlar müalicəyə cəlb olunur. Profilaktika məqsədilə xəstəliyə şübhəli heyvanlarda 1,5 ay müddətində həftədə 1 dəfə iki gözün konyunktival kisəsinə dibiomisin məlhəmi, sintomisin emulsiyası yeridilir və ya biomisinin, sulfantrolun və sintomisinin bərabər hissələrindən ibarət toz üfürülür (4-5 dəfə). 1-6 aylıq yaşda olan buzovlar peyvənd edilir.

Təfriqi diaqnoz. Differensial diaqnostika zamanı gözlərin zədələnməsi ilə müşayət olunan çiçək, yamankeyfiyyətli kataral isitmə, listerioz, leptospiroz, qaramalın taunu, pasterelyoz, viruslu diareya kimi yoluxucu xəstəliklərdən istisna edilməlidir. Bundan başqa parazitar (teylerioz), yoluxmayan etiologiyalı konyunktivitlər (travmalar, toz və s.) nəzərə alınmalıdır.

Qeyd. Xəstəliyin gedişində ən azı bir il müddətində davam edən həm humoral, həm də lokal toxuma immuniteti yaranır. 18-20 aylıq danalarda reinfeksiya mötədil gedişli olmaqla tezliklə sağalma ilə nəticələnir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.