İnfeksion sinovit

İnfeksion sinovit – toyuq və hind quşlarında oynaqların, vətər yataqlarının zədələnməsi və anemiya ilə səciyyələnir. Xəstəliyə təbii şəraitdə toyuqlar, hind toyuqları, sesarkalar daha həssasdırlar. Yaşlı quşlara nisbətən cavanlar daha tez yoluxurlar. Törədicisi Mycoplazma sinoviae növüdür. Xəstəliyin mənbəyi xəstə və xəstəlikdən sağalmış quşlar, eləcə də, inkubasiyalıq yumurtalardır. Yoluxma əsasən transvarial yolla, eləcə də aerozol və kontakt yolu ilə baş verir.

İlk simptomlar: İnkubasiya dövrü 10-20 gündür. Xəsətlik iti, yarımiti, xroniki formada gedir. İti forma cavanlarda, yarım iti və xroniki forma yaşlı quşlarda müşahidə olunur. Xəstəliyin simptomu əsasən pipiyin ağarması, iştahın zəifləməsi cavan quşların inkişafdan qalması kimi simptomlarla özünü göstərir. Axsağlıq, temperaturun az miqdarda yüksəlməsi, arıqlama kimi simptomlarla və pəncə hissəsində şişkinlik nəzərə çarpır.

Digər simptomlar: Səciyyəvi əlamət quşların axsamasıdır. Metatarzal və tibiotarzal oynaqlarda və ayağın altında bərk şişkinlik aşkar olunur. Bəzən belə şişə köks bursasında da rast gəlinir. Zədələnmiş oynaqlar isti və ağrılı olur. Onların üstündəki dəri meserasiyaya uğrayaraq qurumuş eksudatdan yaranan qərtməklə və nekrotik kütlə ilə örtülür. Diri çəki artımı kəskin azalır, çıxdaş quşların sayı artır.

Diaqnoz: Epizootoloji məlumatlar, kliniki nişanələr, patoloji-anatomik dəyişiklərə əsasən ilkin diaqnoz qoyulur. Bakterioloji müayinə və bioloji sınağın nəticəsinə görə isə sonuncu diaqnoz müəyyən olunur.

Müalicə: Xəstə quşlar təcrid olunaraq antimikrob preparatlar təyin edilir. Bu məqsədlə oksitetrasiklin, xlor tetrasiklin, levomisetin, enrolen, enrofloksasin, baytril preparatlarından istifadə etmək olar.

Profilaktika: Xəstəlik baş verdikdə təsərrüfatda məhdudlaşdırıcı tədbirlər görülür, dezinfeksiya tədbirləri mütəmadi olaraq həyata keçirilir. Minkomisin və kanamisin aerozol üsulla binanın hər m3-ə 150 mq dozada (1-2 ml distillə suda əridilərək) 20-25 dəqiqə tətbiqi yüksək səmərə verir.

Təfriqi diaqnoz: İnfeksion sinovit xəstəliyini stafilokokkoz, mikrokokkoz, D hipovitaminoz və travmatiki artritdən təfriq etmək lazımdır.

Qeyd: Xəstə quşların kəsimə göndərilərək ət və yumurtasından istifadə etmək olar.