İnfeksion mastit

Müxtəlif növ heyvanların əsasən də iri və xırdabuynuzlu heyvanların iti gedişli kontagioz xəstəliyi olmaqla yelinin qanqrenozlu iltihabı, həmçinin intoksikasiya ilə təzahür edir. Xəstəliyin törədicisi streptokokklar, stafilokokklardır (B-sero qrupu) .

İlk simptom:  Streptokokk xarici mühitdən yelinə əmcək vasitəsilə keçir və orada çoxalaraq neyrofil reaksiyaya səbəb olur. İldırımvari, iti, yarım iti, xroniki və subkliniki gedişli olur. Yelinin şişməsi, yerli temperaturun yüksəlməsi, ağrılı olması, vəzdə sekresiyanın pozulması, isitmə, süstlük, tezləşmiş zəif nəbz, gözlərin batması, tam anoreksiya ilk kliniki nişanələrdir.

Digər simptomlar:  Yelin parenximasında atrofiya, düyünlü absesslərin yaranması, qranulemayabənzər kütlənin əmələ gəlməsi müşahidə edilir. Südün yüngül dərəcədə sulu və az miqdar lopaların olması təzahür edir. Yelin paycığının iltihabı şişkinliyi, südün göyümtül-boz rəngdən açıq-sarı rəngə dəyişməsi, yelin həcmcə böyüməsi, əmcəklərin şişməsi və qızarması tədricən təzahür edən kliniki əlamətlərdir.

Diaqnoz: Epizootoloji, kliniki məlumatların, patoloji-anatomik dəyişikliklərin və laborator müayinələrin nəticələrinin təhlilinə əsaslanır. Həmçinin süddə somatik hüceyrələrin sayının artmasının təyini duran subkliniki mastitlərin diaqnostikası üçün xüsusi testlər əsasında qoyulur.

Müalicə:  Müalicənin əsasında yelinin patoloji şirədən (sağmaqla) azad etmək və antibakterial preparatların tətbiqi durur. Zədələnmiş paycığın içərisində olan ekssudatı çıxarmaq üçün oksitosindən, antihistamin preparatlardan istifadə etmək lazımdır. Qanqrenozlu formalarda yelinin zədələnmiş paycığının cərrahi yolla götürülməsi məqsədə uyğundur. Antibakterial spektrə və yelindən ixrac olma müddətlərinə malik mastitəleyhi preparatların geniş kompleks dəsti (mastisid, mastisan, difurol və digər bakterial emulsiyalar) işlədilməlidir.  Onları kateterlər, xüsusi tyubiklər vasitəsilə əmcək kanallarına yeridirlər. Parenterial antibiotiklərlə müalicə də səmərəlidir.

Profilaktika: Süd və avadanlıqların işlərinə nəzarət, sağım zamanı gigiyena qaydalarına riayət etmək, heyvanları laborator testlərlə subkliniki mastitə görə müayinə etmək, süd nümunələrinin bakterioloji müayinəsi, mütəmadi heyvanlara kliniki baxış keçirilməsi, yelinlərini palpasiya etmək və s. profilaktikanın əsasını təşkil edir.

Təfriqi diaqnoz: Mastitləri digər xəstəliklərdən təfriq etmək mürəkkəb deyil. Lakin nəzərə almaq lazımdır ki, mastitlər bir çox infeksion xəstəliklər zamanı kliniki nişanələrdən biri ola bilər.

Qeyd: İnfeksion mastit keçirmiş heyvanda kifayət qədər gərgin immunitet yaranır. Belə ki, xəstəlik keçirmiş qoyunlar təkrarən mastitə yoluxmurlar. Xəstəliyə qarşı stafilokokk anatoksin vaksinin tətbiqi yaxşı səmərə verir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.