Infeksion hidroperikardit

Gövşəyən və hər şey yeyən heyvanların transmissiv, başlıca olaraq iti gedişli septiki xəstəliyi olub, hemorraji diatez, isitmə, mərkəzi sinir sisteminin zədələnməsi, serroz-fibrinozlu perikarditlə, plevritlə, bəzən isə bədən boşluqlarında və ürək köynəyində ekssudatın toplanması ilə səciyyəvidir. Törədici Cowdria ruminantum qrammənfi, kokkabənzər mikroorqanizmlərdir. Iri və xırdabuynuzlular, dəvələr, vəhşi heyvanllar xəstəliyə həsssasdırlar.

Ilk simptomlar. Obliqat-transmissiv törədici təbii şəraitdə heyvanlara iksodid  gənələrinin Amblyomma cinsinin növləri tərəfindən keçirilir. Heyvan orqanizminə düşərkən qan damarlarının və qandoğuran orqanların endotelial hüceyrələrində çoxalmaqla onları zədələyir. Inkubasiya dövrü qoyunlarda 9-22, qaramalda 14-39 gün arasında tərəddüd edir. Xəstəlik ildırımvari, iti, yarımiti bəzən xroniki gedişlidir. Ildırımvari gediş temperaturun 420C-yə yüksəlməsi ilə təzahür edir. Tədricən temperatur enir və qıcolmalar, ətrafların paroksizmal konvulsiyası – ilk kliniki nişanələrdən 36 saat sonra ölüm baş verir.  Xəstəliyin digər formalarında temperatur 40-41,60C-yə yüksəlir. Ümumi zəiflik, iştahanın azalması, nəbzin və tənəffüsün tezləşməsi müşahidə edilir, heyvan tez-tez uzanır, ayaqlarını uzadır və ya altına yığır, başını arxa tərəfə atır.

Digər simptomlar. Iştaha itir, dilin və çənənin dövrü olaraq hərəkəti, ağız suyu axıntısı müşahidə olunur. Xəstə heyvan hərəkət edərkən səndələyir, dairəvi hərəkət edir, bir çox hallarda ətraflarını geniş qoyaraq və başını aşağı salmış vəziyyətdə dayanır və yıxılır. Bəzən xəstəliyin müvəqqəti olaraq yaxşılaşması baş verir və xəstəlik daha şiddətli sinir simptomları (coşqunluq tutmaları) ilə əvəz olunur və heyvan ölür. Diareya, qarın hissənin  dərisində rəngli ləkə şəklində ekzantemalar müşahidə olunur. 2-6 gündən sonra komatoz vəziyyət başlayır, ağız və burundan köpüklü maye axır. Zəifləmiş heyvanlarda ağ ciyərlərin iltihabı və mədə önlüklərinin atoniyasının inkişafı nəticəsində  bəziləri tələf olurlar.

Diaqnoz. Xarakterik epizootoloji və kliniki məlumatlar, patoloji-anatomik dəyişikliklər kompleksi və laborator müayinələrin nəticələri əsasında qoyulur. Laborator müayinə üçün yeni ölmüş heyvanlardan götürülmüş baş beyin, iri qan damarları, böyrəklər, təsbit edilmiş qan yaxmaları göndərilir.

Müalicə. Xəstə heyvanlar qaranlıq binalarda yerləşdirilir, onlar rahatlıq və yaxşı yemlə təmin edilir. Venadaxili sulfanil-amid preparatlar (disulfamid, sulfapiridin, sulfametazin və s.), həmçinin tetrasklin cərgəsindən olan antibiotiklər ilə birgə təyin edilir. Mürəkkəbləşmələr olarsa simptomatik preparatlar da təyin edilir.

Profilaktika. Ümumi profilaktika heyvanları xəstəlik keçiricilərin hücumundan qorumaq,  yeni gətirilmişlərdə karantin rejiminin saxlanması, xəstələrin təcridi və müalicəsindən ibarətdir. Heyvanlar gənələrə qarşı akarisid preparatlarla çimizdirilməli, mütəmadi olaraq baytarlıq-sanitariya tədbirləri aparılmalıdır.

Təfriqi diaqnoz. Helmintozlar, piroplazmidozlar, tripanosomoz, eymeriozlar, anaplazmozlar, qoyunların kataral isitməsi, taun, qarayara, botulizm, mineral zəhərlərlə və zəhərli bitkilərlə zəhərlənmələr istisna edilməlidir.

Qeyd. Həssas heyvanlar əsasən də cavanlar donor qoyunların yoluxmuş qanları ilə aktiv immunizasiyaya cəlb edilməlidir.  Xəstəlik keçirmiş heyvanlar 105 gün təcridi qaydada saxlanılır.  Qeyri-sağlam təsərrüfatlarda karantin 4 ay davam etməlidir. Xəstəliyə qarşı vaksin hazırlanmamışdır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.