Inəklərin çiçəyi

Inəklərin çiçəyi – kontagioz infeksion xəstəlik olub, orqanizmin intoksikasiyası, isitmə, dəri və selikli qişalarda papulyoz-pustulyozlu səpgilərin əmələ gəlməsi, südün keyfiyyətinin pisləşməsi ilə səciyyəvidir. Törədici – iri DNT-li Poxviridae ailəsinə və Orthopoxvirusncinsindən olan virusdur. Virusa bütün yaşda olan İBH, camış, at, donuz, dəvə, eşşək, meymun və insanlar həssasdırlar. Insanlar inək çiçəyinə yüngül yoluxduqdan sonra natural insan çiçəyi virusuna yoluxmurlar.

Ilk simptomlar. Xəstə heyvanlar və insanlar xəstəlik törədicisinin mənbəyidirlər. Xaricə mühitə burun, ağız boşluğu axıntıları, göz axıntısı ilə yayılırlar. Xəstəlik iti, yarımiti, nadir hallarda xroniki gedişli keçir. Inkubasiya dövrü 3-6 gün davam edir. Prodromal dövrdə qızdırma müşahidə edilir, temperatur 40-410C-yə yüksəlir. Halsızlıq, iştahasızlıq və südün azalması ilk klinik nişanələrdir. Xəstə heyvanların şişkinləşmiş yelinində və əmcəklərin dərisində, bəzən başında, kürəyində və budunda qırmızı ləkə – rozeola əmələ gəlir.

Digər simptomlar. 12-24 saat sonra ləkələr bərk, qabaran düyünlərə – papulalara çevrilirlər ki, onlardan 1-2 gün müddətində vezikulalar yaranır. Onlar viruslu şəffaf maye limfa ilə dolu olur. Vezikulalar irinləyir, dəyirmi və uzunsov, kənarları qırmızı həlqə ilə əhatə olunan və mərkəzdə dərinləşən pustulalara çevrilirlər. Çiçək düyünləri qan axıntısı nəticəsində mavi-qara rəng alırlar, yaxın yerləşən düyünlər birləşir, səthində çatlar görünür. Yelin bərkiyir, süd ifrazı azalır, 10-12 gün sonra pustulaların yerində qəhvəyi qərtməklər yaranır. Xəstəlik 14-20 gün davm edir.

Diaqnoz. Diaqnoz epizootoloji, epidemioloji məlumatlara, xəstəliyin kliniki əlamətlərinə və laboratoriya müayinələrinə əsasən qoyulur. Laboratoriyada virusoloji müayinə üçün papula yaxud formalaşan ekssudatda törədici amil arılır və identifikasiya olunur.

Müalicə. Xəstə heyvanlar təcrid olunur, isti binalarda yerləşdirilir və keyfiyyətli yemlərlə təmin edilir. Spesifik müalicə olmadığı üçün simptomatik dərmanlar tətbiq edilir. Səpgilər neytral yağlarla və məlhəmlərlə (bor, sink, streptosid, sintomisin və s. mazlar) yumşaldılır, süd ehtiyatla sağılır. Yara səthləri yandırıcı maddələrlə və antiseptiki məhlullarla (yod tinksturası, burov mayesi, 3%-li xloramin məhlulu) işlənilir. Selikli qişalar antiseptiki və büzüşdürücü məhlullarla yuyulur.

Profilaktika. Xəstəliyə qarşı profilaktikada vaksinasiya mühüm rol oynayır. Spesifik profilaktika məqsədilə diri virus-ospovaksindən istifadə olunur. Qeyri-sağlam təsərrüfatlarda karantin tətbiq edilməli, məhdudiyyətlər qoyulmalı və heyvanlar müalicəyə cəlb edilməlidir. Yeni gətirilmiş heyvanlar karantində saxlanılmalı, kliniki baxış keçirilməli, binalar və ətraf sahələr baytarlıq-sanitariya qaydalarına müvafiq mütəmadi dezinfeksiya edilməlidir. Bu məqsədlə natrium-hidroksidin 4%-li məhlulundan, 2%-li formaldehid məhlulundan, 20%-li söndürülmüş əhəng (kalsium-hidroksid)  məhlulundan istifadə olunur. Süd qabları, çənlər 1 %-li xloramin və yaxud natrium hidroxlorid məhlulları ilə dezinfeksiya edilir. Xəstə heyvanların tam sağalmasından 21 gün sonra məhdudiyyətlər götürülə bilər.

Təfriqi diaqnoz. Çiçək xəstəliyi dabaq və paravaksindən təfriq edilməlidir.

Qeyd. Xəstə və xəstəliyə şübhəli heyvanlardan sağılan süd pasterizə edildikdən sonra təsərrüfatdakı cavan heyvanlara istifadə oluna bilər.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.