Fuzariotoksikozlar

Alimentar mikotoksikozlar olub, kənd təsərrüfatı heyvanlarını Fusarium cinsli göbələyin toksiki növləri ilə sirayətlənmiş yemlərlə yemləyərkən baş verir. Hazırda fuzariotoksikozların 3 tipi ayırd olunur:  Sporotrixiellotoksikozlar, fuzarioqraminearotoksikozlar və fuzarionivalenotoksikozlar.  Bütün növ kənd təsərrüfatı heyvanlarında müşahidə edilir. Sporotrixiellotoksikoz Fusarium sporotrichiella göbələyi  ilə sirayətlənmiş yemlərin istifadəsi zamanı baş verən alimentar mikotoksikozdur. F.sporotrichiella seksiyasının toksiki növləri Fusarium cinsinə məxsus Fungi imperfecti sinfinə aid olub heyvan zəhərlənmələrinin əsas törədiciləridir. Dənli və texniki bitkilərin xəstəliklərini törədirlər. Göbələyin toksininə qaramal, qoyun, atlar və donuzlar həssasdır.

Ilk simptomlar: Heyvanların zəhərlənməsinin mənbəyi yemlər – ot, küləş, dən, vələmir, arpa, buğda, qarışıq yemlər, yarmalar, qışlama keçirmiş dənlilər, kövşən ola bilər.  İti və yarımiti gedişli olub, inkubasiya dövrü 5-6 gün davam edir. İribuynuzlu heyvanlarda süstlük, həssaslığın itməsi, ətrafların parezi, mədə önlüklərinin atoniyası, ürək-damar sisteminin pozulması, leykopeniya əlamətləri müşahidə olunur. Atlarda erkən kliniki əlamətlərə, bədən temperaturunun 40,20C-ə qədər yüksəlməsi, sinir sindromları, koordinasiyasının pozulması, ayrı-ayrı əzələlərin yuxarı dartılması və ya titrəməsi, tərləmə, halsızlıq, parezlər aiddir. Digər simptomlar: Xəstəliyin inkişafına rasionda turş yemləri (sellüloz, jon, barda) olması təsir göstərir. Zəhərlənmənin daha ağır forması heyvanlar ac olarkən otlağa aparıldıqda müşahidə olunur. Heyvanlarda mədə-bağırsaq traktının işi pozulur, gövşəmə və udma çətinləşir, qanda dəyişikliklər müşahidə edilir. Heyvanlarda hemorroji diatez, parenximatoz orqanlarda degenerativ dəyişikliklər, mədə-bağırsaq traktının selikli qişasının iltihabı ilə xarakterizə edilən nişanələr qeyd edilir.

Diaqnoz: Kliniki və patoloji-anatomik müayinələrin, yemlərin toksikomikoloji təhlilinə əsasən düzgün diaqnoz qoyulur.

Müalicə: Simptomatik – müxtəlif orqanlarda yaranmış patoloji proseslərə qarşı yönəlmiş müalicə üsullarından istifadə edilir.

Profilaktika: Toksikozun qarşısını almaq üçün standartlara cavab verən yemlərdən istifadə etmək, fuzariozlu toksikozların əsas törədiciləri olan yemlərin, xüsusən də qarışıq yemlərin və dənlərin emal məhsullarının müayinəsi aparılmalı, zəhərlənmə törədən yemlər rasiondan çıxarılmalıdır.

Təfriqi diaqnoz: Stafibotriotoksikozdan, salmonellyozdan, zəhərli bitkilərlə və kimyəvi zəhərlərlə zəhərlənmələrdən təfriq etmək lazımdır.

Qeyd: Xəstəlik keçirmiş heyvanlarda immunitet formalaşmır, yenidən yoluxma halları müşahidə edilir.