Fusarium nivale göbələyi ilə yoluxmuş yemlərin istifadəsi zamanı baş verən alimentar toksikoz

Xəstəliyin adı: Fuzariograminearotoksikoz– Estrogen sindromlu (estrogenizm) fuzariotoksikoz olub, zearalenon (F-2) toksini ilə şərtlənir və F.graminearum göbələyi ilə sirayətlənmiş yemlərlə heyvanları yemlədikdə baş verir. Fuzarionivalenotoksikoz – Fusarium nivale göbələyi ilə yoluxmuş yemlərin istifadəsi zamanı baş verən alimentar toksikozdur.Törədici – Fusarium graminearum və Fusarium nivale  göbələkləri səpinləri göbələklə sirayətləndirməklə kökləri, yetişmə dövründə sünbülləri və dənləri çürütməklə daha çox taxıl bitkilərini zədələyir. Göbələklərə – yağıntılar çox olduqda – adətən əlverişsiz hava şəraitində qarğıdalını qıçalarda saxlayan zaman rast gəlinir. Zearalenona qaramal və donuzlar, fuzarionivalenotoksikozlara  isə kənd təsərrüfatı heyvanları ilə yanaşı insanlar da həssasdırlar.

Ilk simptomlar: Heyvanların zəhərlənməsinin mənbəyi yemlər – ot, küləş, dən, vələmir, arpa, buğda, qarışıq yemlər, yarmalar, qışlama keçirmiş dənlilər, kövşən ola bilər. Fuzarilər yemlə heyvan orqanizminə düşərək assimilyasiya olunaraq, bir hissəsi mədədə və nazik bağırsaqda sorulur, digər hissəsi mədə-bağırsaq traktından keçərək fekal ilə xaric olur. Assimilyasiya olmuş mikotoksinlər 1-7 saat ərzində qanla qaraciyərə, əzələ toxumasına, baş beyinə və böyrəklərə keçir. Iti gedişli formada balalıq yolunun şişməsi, qızarması və düşməsi,  sekresiyanın güclənməsi, epitelial toxumanın keratinizasiyası ilə təzahür edir.

Digər simptomlar: Metrorragiya,  balalığın ölçülərinin böyüməsi, süd vəzilərinin inkişafı və laktasiyanın hətta cinsi yetişkənliyə çatmamış və axtalanmış heyvanlarda müşahidə edilir. Xroniki gediş zamanı İBH-da mayalanm a qabiliyyətinin pozulması, donuzlarda qısırlıq, balasalma, atlarda iştahasızlıq, bədən kütləsinin azalması əlamətləri təzahür edir. Zearalenon toksini qaraciyərin toxumalarında qismən a- və p-zearalenollara metabolizmə uğrayır. Bu proses a-hidroksis-teroido-hidrogenazanın və yaxud da maya göbələklərinin fermentlərinin iştirakı ilə baş verir.

Diaqnoz: Fuzariograminearotoksikozun diaqnozu – kliniki əlamətlərə və patoloji-anatomik dəyişikliklərə, yemdə zearalenonun toksiki dozasının tapılmasına, heyvanın orqan, toxumalarında, fekalisində zearalenonun və ya onun toksiki metabolitlərinin (a- və p-zearalenolların)  aşkar olunmasına əsasən qoyulur. Fuzariotoksikozlarda heyvanların yemləndirilməsində istifadə olnan yemlər mikotoksikoloji müayinədən keçirilməli və diaqnoz təsdiqlənməlidir..

 Müalicə: Simptomatik – müxtəlif orqanlarda yaranmış patoloji proseslərə qarşı yönəlmiş müalicə üsullarından istifadə edilir.

Profilaktika: Toksikozun qarşısını almaq üçün standartlara cavab verən yemlərdən istifadə etmək, fuzariozlu toksikozların əsas törədiciləri olan yemlərin, xüsusən də qarışıq yemlərin və dənlərin emal məhsullarının müayinəsi aparılmalı, zəhərlənmə törədən yemlər rasiondan çıxarılmalıdır.

Təfriqi diaqnoz: Təfriqi diaqnostika zamanı estrogen sindromun – tərkibində estrogen maddələr olan yemlərlə (yonca, qara yonca və digər paxlalılar) yedizdirilmədə baş verən zəhərlənmələr istisna edilməlidir. Fuzariotoksikozların təfriqi diaqnozunda zəhərli bitkilərlə və kimyəvi zəhərlərlə zəhərlənmələr təfriq olunmalıdır.

Qeyd: Xəstəlik keçirmiş heyvanlarda immunitet formalaşmır, yenidən yoluxma halları müşahidə edilir.