Eşerioxioz

Kənd təsərrüfatı, vəhşi heyvanlar və quşların iti gedişli infeksion xəstəliyi olub, profuz diareya, orqanizmin susuzlaşması, ağır intoksikasiya bəzən isə septisemiya ilə təzahür edir. Törədici aerob yaxud fakultativ anaerob bakteriyalardır. Infeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş heyvanlar, patogen daşıyıcı analar ola bilər.

Ilk simptom. Törədici alimentar yolla orqanizmə daxil olur, heyvan ağız südünün birinci porsiyasını almamışdırsa, yaxud o keyfiyyətsizdirsə patoloji proses yarana bilər. inkubasiya dövrü bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Buzovlar doğulduqdan 3-5 gün sonra xəstələnirlər. Depressiya, diareya, septisemiya ilkin kliniki nişanələrdir. Bədən temperaturu qısa müddətli 40-410C-yə yüksəlir, konyunktivit, tənəffüsün pisləşməsi, yemdən qalma müşahidə edilir. Kalın qatılığı və rəngi dəyişir, köpüklü, sulu olur. Bəzən qıcolmalar, heyvanın arıqlaması müşahidə olunur.

Digər simptomlar. Ön və arxa ətraflarda artirit, oynaqlarda ağrılar, ayrı-ayrı oynaqların şişməsi nəzərə çarpır. Ağciyərlərin zədələnməsi, yuxarı tənəffüs yollarının sekundar mikobiotasının inkişafı, burundan axıntı, öskürək, tezləşmiş nəfəsalma müşayət olunur. Halsızlıq, hərəkətin koordinasiyasının pozulması bəzən isə ishal təzahür edir.

Diaqnoz. Epizootoloji, kliniki və patoloji-anatomik məlumatların təhlili, bakterioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Heyvan diri olduqda fekalinin müayinəsi xəstəliyi aşkar etməyə imkan verir. Bunun üçün təsərrüfatdan 5 baş heyvanın kal nümunsi 2 saat müddətində müayinə olunmalıdır.

Müalicə. Xəstələnmə günü ağız südünün verilməsi dayandırılır. O, ilıq fizioloji məhlulla əvəz edilir. Heyvanlar 8-10 saatlıq aclıq dietasında saxlanılır, fizioloji məhlulla ağız südünün 50%-lik gündəlik norması əlavə olunur və gün ərzində 3-4 dəfə əmizdirilir. Müalicədə salmonellyozun və kolibakterioza qarşı bivalentli antitoksiki hiperimmun qan zərdabından istifadə edilir, bakteriofaq tətbiq edilir. Müalicədə antihistaminli preparatlar və antibiotiklər də yüksək səmərə verir. Antibiotiklərlə müalicədən sonra probiotiklərin (yem əlavələri) verilməsi məqsədəuyğundur.

Profilaktika. Xəstəlik baş verərsə təsərrüfatda təşkilati-təsərrüfat, epizootiyaəleyhi və baytarlıq-sanitariya tədbirləri kompleksi həyata keçirilir. Xəstələr təcrid edilir və qeyri-spesifik vasitələrdən istifadə etməklə kompleks müalicə aparılır. Müalicə almış hüyvanlar peyvənd edilir. Kəsimə göndərilmiş heyvanların əzələlərində degenerativ dəyişikliklər olduqda cəmdəkləri və orqanları texniki utilizasiya edilir. Spesifik profilaktika heyvanların vaxtında peyvəndlənməsidir.

Təfriqi diaqnoz.  Eşerioxiozun təfriqi diaqnozu zamanı salmanellyoz, psevdomonoz, streptokokkoz, rota və koronaviruslu infeksiyalar, yoluxmayan mənşəli diareya, zəhərlənmələr istisna edilməlidir.

Qeyd. Xəstəliyə daha çox yeni doğulmuş heyvanlar  yoluxur. Yeni doğulmuşlarda südlə qazanılmış immunitet passiv olur, xəstəliyə qarşı müdafiə formalaşdırmasını təmin etmir.Bunu nəzərə alıb boğaz heyvanları immunizasiya etmək lazımdır ki, ağız südündə immun cisimlərinin yüksək konsentrasiyası təmin edilsin.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.