Epizootiki limfangit – təkdırnaqlı heyvanların xroniki mikozu

Epizootiki limfangit (Afrika manqosu, blastomikoz, limfa damarlarının epizootik iltihabı) – təkdırnaqlı heyvanların xroniki mikozu olub, dərinin limfatik damarlarının və düyünlərinin, dərialtı toxumanın qranulematoz zədələnməsi ilə səciyyəvidir. Xəstəliyi Cryptococcus (Histoplasma) farciminosus tumurcuqlayan göbələklər törədir. Iki konturlu qişası və protoplazmalarında bir neçə cisimciklər (1-4 ədəd) olur. Ətraf mühit faktorlarına qarşı davamlıdırlar. Quru irin qabığında 5 ilə, torpaqda və peyində 2-2,5 aya qədər yaşayırlar. Günəş şüalarının təsirindən 10 günə məhv olurlar.

Ilk simptomlar: Xəstəliyə cinsindən, yaşından asılı olmayaraq atlar, qatırlar, eşşəklər yoluxurlar. Qaramal və dəvələr az həssasdır, lakin onlarda da qeyd edilir.  İnfeksiya törədicisinin mənbəyi irinlə ətraf mühitə külli miqdarda kriptokokklar ixrac edən xəstə heyvanlardır. Təbii rezervuar torpaq, törədicinin mexaniki keçiriciləri həşəratlardır. Xəstəliyin xüsusiyyəti ondan ibarətdir ki, xəstəliyin baş verməsi üçün göbələk həssas heyvanın orqanizminə zədələnmiş dəri örtüyündən bir neçə dəfə daxil olmalıdır. Dəri örtüyündən keçən törədici limfa damarlarında, dərialtı toxumada və dərinin özündə lokalizasiya edir. İnkubasiya dövrü 1 aydan 3 aya qədər davam edir. Xəstəlik xroniki xarakter daşıyır. Kliniki təzahürünə görə epizootiki limfangitin yaxşıkeyfiyyətli və yaman keyfiyyətli formaları ayırd edilir. Yaxşıkeyfiyyətli forma zamanı limfangit düyünləri (xırda ağrılı və irinli ocaqlar) başlıca olaraq cidovun, belin, boyunun, döşün, heyvanın digər nahiyələrinin dərisinin üst qatlarında, nadir halda selikli qişalarda aşkar olunur. Heyvanda iştaha, bədən temperaturu, nəbz, tənəffüs norma daxilində olur. Irinli fokuslar çox olmur və adətən onların əksəriyyəti sorulur.

Digər simptomlar: Dəri və dərialtı toxumanın dərin qatları zədələndikdə irinli fokuslar inkapsulyasiya olur, papul və qabarcıqlar şəklində dəri səthində üstdə yerləşirlər. Xəstəlik 2-4 ay davam edir, sağalma ilə nəticələnir. Xəstəliyin yamankeyfiyyətli forması limfa damarlarının boyunca çoxsaylı irinli fokusların təzahür etməsi, yaraların əmələ gəlməsi ilə səciyyəvidir. Prosesə burun bo.luğunun selikli qişası və kürəkönü limfa düyünləri də cəlb olunur. Ətrafların dərialtı toxumasının iltihabı zamanı birləşdirici toxumanın artması nəticəsində filayaqlılıq müşahidə edilir. Xəstəliyin yamankeyfiyyətli forması çox zaman irinli infeksiya ilə mürəkkəbləşir. Heyvanda süstləşmə, arılqlama, iştahasızlıq, dövrü olaraq bədən temperaturunun yüksəlməsi, sepsis inkişaf edir, proses 6-8 ay davam edir, əksərən ölümlə nəticələnir.

Diaqnoz. Xəstəliyə diaqnoz kliniki baxış və yaraların tutarlarının mikroskopiyası əsasında qoyulur. Diaqnoz ekssudat və düyünlərin nümunələrinin mikroskopiki müayinəsi zamanı kriptokokkların yaxmalarda aşkar olunması ilə təsdiq edilir.

Müalicə: müalicə səmərə vermədiyi üçün xəstə heyvanlar təcrid edilərək məhv edilir. Cəsədlər isə dəri ilə birlikdə utilizasiya olunur.

Profilaktika: Spesifik profilaktika tətbiq edilmir. Ümumi profilaktikanın əsasını heyvanların travma və dəri örtüyünün bütövlüyünün qorunması, heyvanların saxlanılmasında və qulluqda baytarlıq-sanitariya tədbirlərinə əməl edilməsi təşkil edir. Xəstəlik aşkar edildikdə təsərrüfata karantin rejimi tətbiq edilir, xəstələr təcrid edilir, dezinfeksiya tədbirləri aparılır. Karantin axırıncı xəstə heyvanın ölümündən və ya təsərrüfatdan çıxarılmasından 3 ay sonra götürülür.

Təfriqi diaqnoz: Təfriqi diaqnozda manqo, saqqo, psevdotuberkulyoz (təkdırnaqlıların yaralı limfangiti), nokardioz (qaramalın yaralı iltihabı) və kritokokkoz (avropa blastomikozu, teluroz) istisna edilir.

Qeyd: Xəstəlik keçirmiş heyvanlar ömürlük immunitet qazanırlar. Xəstə heyvanlarda spesifik sensibilizasiya inkişaf edir və qan zərdabında anticisimlər aşkar olunur.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.