Emfizematoz karbunkul (Emkar, xışıltılı karbunkul)

Emfizematoz karbunkul (Emkar, xışıltılı karbunkul) iti gedişli, qeyri-kontagioz xəstəlik olub, isitmə və bədənin müxtəlif nahiyyələrinin  əzələlərində xışıldayıcı şişlərin əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin törədicisi –Cl.Chauvoei (Cl.feseri) spor əmələ gətirir, anaerobdur. Təzə ətdə 2 saat qaynadıldıqdan sonra məhv olur.  Emkar xəstəliyi ən çox qaramal və qoyunlarda təsadüf edilir. Kök heyvanlar xəstəliyə daha çox həssasdır. Kök heyvanların əzələ toxuması qlikogenlə zəngin olduğuna görə törədicinin inkişaf etməsi üçün lazımi şərait yaranır. Cavan heyvanlar da xəstyəliyə tez tutulur (əsasən 3 aylıqdan 4 yaşa qədər qaramal).

Ilk simptomlar. İnfeksiyanın mənbəyi xəstə heyvanlar, ötürücü faktorlar isə amilin sporları ilə çirklənmiş torpaq, yem, su və s. sayılır. Heyvanın yoluxması alimentar yolla və dəri zədələnmələri ilə baş verir. Qoyunların qırxımı, erkək heyvanların axtalanması, it dişləməsi zamanı amil orqanizmə dəri vasitəsilə keçə bilər. Mədə-bağırsaqdan törədici qana keçib bədənin əzələ toxumalarına yayılaraq, əzilmiş, zədələnmiş yerlərdə inkişaf etməyə başlayır. Törədici inkişaf edərək toksin və aqressin ifraz edir. Bunun nəticəsində bədən temperaturu yüksəlir, ürək fəaliyyəti zəifləyir və təngnəfəslik baş verir. İnkubasiya dövrü qaramalda 1-2, nadir hallarda 5 günə qədər davam edir.

Digər simptomlar. İti gediş zamanı temperatur qəflətən yüksəlir, gövdənin müxtəlif nahiyyələrində (bud nahiyyəsində, boyunda, çənəaltında) sürətlə böyüyən şişlər nəzərə çarpır. Şişlər əvvəlcə bərk, isti və ağrılı olmaqla, əllə təsir etdikdə xışıltılı səs eşidilir, sonra şişlər soyuq və ağrısız olur. Ətraflarda şişlər olan zaman heyvan axsayır. Toxumalarda iltihablı proses baş verir. Selikli qişalarda qan sızmalar görünür, qan tünd-qırmızı rəngdə olmaqla laxtalanmış olur. Qaraciyər və dalaq şişir. Emkardan ölmüş heyvan cəsədlərinin yarılması qadağandır.

 Diaqnoz: Kliniki nişanələr, epizootoloji məlumatları nəzərə almaqla laborator müayinələrin nəticələrinə əsasən diaqnoz qoyulur. Patoloji materialdan (karbunkul sahəsinin mayesi, əzələ kəsikləri, qaraciyər, dalaq, ürək qanı) yaxma hazırlanıb Qram üsulu ilə və ya Leffler abısı ilə boyanır. Təmiz kulturanın alınması üçün ƏPQB və bərk (qanlı-qlükozalı aqar) qidalı mühitlərə patoloji materialdan əkilir. Başqa mikrobların inkişafını dayandırmaq üçün qidalı mühitlərə fenol, kristalviolet əlavə edilir.

Müalicə. Xəstəlik kəskin gedişli olduğu üçün müalicə effektli olmur. Lakin, şiş nahiyyəsində dərialtına lizol məhlulu, hidrogen peroksid, kalium hipermanqanat inyeksiya edilir. Müxtəlf antibiotiklərdən də istifadə edilir.

Profilaktika. Emkarın baş verməsinə yol verməmək üçün kompleks baytarlıq-sanitariya tədbirləri həyata keçirilməlidir. Yeni gətirilmiş heyvanlar 30 gün müddətində karantində saxlanılmalıdır. Xəstəliyin profilaktikasında əsas tədbir bütün həssas heyvanların aktiv peyvəndidir. Hər il 3 aylıqdan 4 yaşa kimi olan heyvanlar otlaq dövründən və vaksindən asılı olaraq bir və ya iki dəfə profilaktiki peyvənd edilməlidir.

Təfriqi diaqnoz. Qarayara, yaman keyfiyyətli şiş xəstəliklərindən təfriq edilməlidir.

Qeyd. Xəstəlik keçirmiş heyvanlarda uzunmüddətli immunitet əmələ gəlir. 4 yaşdan yuxarı heyvanlar emkara həssas deyillər.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.