Dovşancıq

. Ev, vəhşi heyvanlar, quşlar və insanların iti gedişli kontagioz olmayan toksikoinfeksion yara xəstəliyi olub, törədicinin toksininin təsiri ilə yüksək reflektor coşğunluq, bədən əzələlərinin toniki qıc olmaları ilə səciyyələnir. Dovşancığa atlar, qoyunlar, keçilər, İBH və it, pişik, digər ətyeyənlər həssasdırlar. Törədici nazik çubuqşəkilli qrammüsbət, anaerob bakteriyalardır.

İlk simptom:  İnkubasiya dövrü 3 gündən 3 həftəyə qədərdir. İti gedişli olub çeynəmə əzələlərinin rigitliyi ilk kliniki əlamətlərdəndir ki, bu zaman heyvan ağzını aça bilmir, yem və su qəbulu çətinləşir, əzələlər gərginləşir. Hərəkətlərdə donuqluq, xüsusilə də heyvan başını yuxarı qaldırdıqda üçüncü göz qapağının düşməsi müşahidə edilir. Letallıq yüksəkdir. Bədən temperaturu normal olur, ölüm qabağı 40-420C-ə yüksəlir.

Digər simptomlar:  Xəstəliyin inkişafı ilə bərabər boyun, qarın, ətraf əzələləri bərkiyir, heyvanın hərəkəti çətinləşir, tənəffüs tezləşir, səthi olur, selikli qişalar göyərir. Mədə-bağırsaq sisteminin fəaliyyəti pozulur. Peristaltika azalır, gövşəmə olmur, işgənbə genişlənir, heyvanda kal və sidik ifrazı çətinləşir. Xəstə heyvanlar coşqun vəziyyətdə olur, reflektor coşqunluq xeyli zəif olur. Qoyunlarda başın arxaya dartılması, çənələrin kip sıxılması təzahür edir ki, heyvanlar boğulmadan tələf olurlar. Xəstəlik bir neçə gündən 2 həftəyə qədər davam edərək heyvanın ölümü ilə nəticələnir.

Diaqnoz: Kliniki nişanələr, epizootoloji məlumatları nəzərə almaqla laborator müayinələrin nəticələrinə əsasən diaqnoz qoyulur. Yaranın dərin qatlarından götürülmüş toxuma nümunələri, yara ifrazatı, balalıq və balalıq yolunun axıntılarını laboratoriyada müayinə etməklə dəqiq diaqnoz qoymaq mümkündür.

Müalicə:  Xəstə heyvanları təcrid edərək qaranlıq binada yerləşdirir və xarici qıcıqların qarşısının alınması istiqamətində tədbirlər görülür. Yüngül həzmə gedən yemlər verilir, imalə, təmizləyici imalə və sidik kisəsinin masajı aparılır, yaralarda cərrahi işləmələr aparılaraq antiseptik preparatlar tətbiq edilir. Spesifik müalicədə venadaxili, əzələdaxili və dərialtı olaraq dovşancıq əleyhi antitoksiki qan zərdabı yeridilir. Mikrobəleyhi – antibiotiklər, simptomatik və sakitləşdirici vasitələr təyin edilir.

Profilaktika: Qeyri-sağlam məntəqələrdə həmçinin axtalanmaya 1 həftə qalmış heyvanlarda aktiv immunitet yaratmaq üçün konsentrasiya edilmiş dovşancıq anatoksini tətbiq edilir. İmmunitet peyvəndləmədən 30 gün sonra yaranır, atlarda 5 il, digər heyvanlarda 1 ilə qədər davam edir. Profilaktika məqsədilə mürəkkəbləşmiş yaralarda, müxtəlif cərrahi əməliyyatlarda, geniş travmalarda, yanıqlarda heyvanlara antitoksiki qan zərdabı və antibiotiklərin yeridilməsi məqsədyönlüdür.

Təfriqi diaqnoz: Təfriqi diaqnoz zamanı quduzluğu, əzələnin iti revmatizmi və yemdən zəhərlənmələri ayırd etmək lazımdır. Bundan başqa atlarda infeksion ensefalomieliti, sağmal inəklərdə isə ot tetaniyasını təfriq etmək lazımdır.

Qeyd: Ölmüş heyvanların cəsədi utilizasiyaya göndərilməli yaxud da yerində yandırılmalıdır. Xəstə və xəstəliyə şübhəli heyvanların ət üçün kəsilməsi və dərilərin soyulması qadağandır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.