Dendrodoxiotoksikoz

Kənd təsərrüfatı heyvanlarının iti gedişli, letallıqla nəticələnən alimentar mikotoksikozudur. TörədicisiDendrodochium toxicum göbələyidir, saprofitdir, tərkibində sellüloza olan yemlərdə inkişaf edir. Dendrodoxiotoksikoza qoyun, at, dovşan, it və pişiklər, eləcə də toyuqlar yoluxurlar.

Ilk simptomlar: D.toxicum göbələyi samanda, vələmirdə, pambıqda, sudan otunda, çətənə, noxud küləşində olmaqla yemləmə zamanı heyvanın orqanizminə daxil olub, ağır keçən, nəzərə çarpmayan kliniki nişanələrlə  biruzə verir, qəfil ölümə səbəb olan toksikoz törədir. Göbələyin toksinləri olan dendrotoksinlər  sitotoksiki zəhərlər olmaqla göbələk əleyhi və mikrob əleyhi təsir göstərir, ürək fəaliyyətini pozur yaxud da stimulyasiya edir. Damarları genişləndirərək qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Heyvanların sirayətlənmiş yemlərlə yemləndirilməsindən 12-24 saat sonra baş verən ildırımvari keçən iti forması kliniki əlamətlər təzahür etmədən ölümə səbəb olur. Qoyunlarda xəstəlik iştahanın olmaması, gövşəmənin dayanması ilə təzahür edir.

Digər simptomlar: Zəhərlənmənin yarımiti yaxud da xroniki formasında dodaqların şişməsi, nekrotik proseslərlə stomatit, üzərində bozumtul örtük, bol ağız suyu axıntısı müşahidə edilir. Atlarda xəstəlik ürək fəaliyyətinin pozulması, nəbzin tezləşməsi, aritmiya, ümumi zəiflik, qanın formalı elementlərində dəyişiklik, mədə-bğırsaq traktının funksiyasının pozulması və sancılarla müşayət olunur. 16-24 saat sonra ölüm baş verir.

Diaqnoz: Epizootoloji məlumatlar, kliniki və patoloji-anatomik müayinələrin, yemlərin mikotoksikoloji təhlilinə əsasən düzgün diaqnoz qoymaq olur.

Müalicə: Simptomatik – müxtəlif orqanlarda yaranmış patoloji proseslərə qarşı yönəlmiş müalicə üsullarından istifadə edilir.

Profilaktika: Profilaktikanın əsasını qida və yem substratlarının göbələklərin toksinləri ilə yoluxmasının qarşısının alınması və qorunması üsullarının düzgün hazırlanması təşkil edir. Eləcə də məhsulun yığılmasının, yemlərinin tədarükünün quru havada aparılması, yemlərin saxlanılmasında aqrozootexniki qaydalara əməl edilməsi vacib şərtlərdəndir. Mikotoksinlərlə sirayətlənmiş yaxud da zəhərlənmədə şübhəli bilinən yemlər rasiondan çıxarılmlı, ot, küləş, yarma müxtəlif  məhlullarla işləmədən keçirilməlidir.

Təfriqi diaqnoz: Mikotoksikozlardan, botulizmdən, eləcə də bakterial və kimyəvi zəhərlərlə zəhərlənmələrdən təfriq etmək lazımdır.

Qeyd: Xəstəlik keçirmiş heyvanlarda immunitet formalaşmır, yenidən yoluxma halları müşahidə edilir.