Dayçaların streptokokklu piemiyası

Xəstəlik göbək və oynaqların zədələnməsi, qızdırma və müxtəlif orqanlarda metastatik absesslərin yaranması ilə xarakterizə olunur. Dayçalar doğum zamanı göbək vasitəsilə yaxud doğumdan sonrakı dövrdə – sanitar-gigiyenik qaydalara əməl olunmadıqda yoluxurlar.

İlk simptom: Xəstəliyin ilkin nişanələri 1,5-4 həftəlik olan dayçalarda büruzə verir. Tənəffüsün tezləşməsi, xırıltılarla, həmçinin pnevmoniyanın inkişafı ilə bağlı öskürmə ilə səciyyələnir. Kliniki nişanələr metastatik absesslərin yerləşmə yerindən və təzahür dərəcəsindən asılı olaraq dəyişir. Mürəkkəbləşmələr nəticəsində ölüm 10%-ə çatır. Qırtlaq enpiemiyası, miokardid, pnevmoniya da inkişaf edə bilir.

Digər simptomlar:  İti gediş zamanı göbək bağının qalınlaşması, şişmiş oynaqların ağrılı olması və  heyvanın hərəkətsiz – uzanmış vəziyyətdə qalması ilə səciyyələnir. Diz və bilək oynaqlarının irinli iltihabı, ətrafların bükücü vətərlərinin zədələnməsi, diareya baş verir. Heyvanlar süst və arıqlamış olur, boydan qalırlar. Çənəaltı yaxud udlaqarxası limfa düyünlərinin irinli açılmasından sonra heyvan sağalır. Metaztas təzahür etdiyi zaman xəstəlik həftələrə uzanır, yeni oynaqlar zədələnir və heyvanlar tələf olurlar.

Diaqnoz: Diri heyvanlarda diaqnostika üçün heyvanların qanından əkmə aparılır. Laborator diaqnostikada yaxmaların mikroskopiyası, qan zərdablarının tədqiqi və təfriqi aparılır.

Müalicə:  Spesifik müalicədə preparat qismində buzovların, quzuların diplokokk infeksiyasına qarşı qan zərdabından istifadə edilir. Hiperimmun qan zərdabının antibiotiklər və sulfanilamid preparatlarla birlikdə işlənməsi səmərəlidir. Göbək antibiotiklərlə işlənilir, zədələnmiş göbək və oynaqlar cərrahi müalicə edilir (irin çıxarılır, antiseptiklər təyin edilir).

Profilaktika: Qeyri-sağlam təsərrüfatlarda cavan heyvanlara müalicəvi dozada qan zərdabı yeridilir. 7-8 gündən sonra peyvəndləmə aparılır. Boğaz  heyvanlar peyvənd edilməlidir. Xəstə və xəstəliyə şübhəlilər təcrid olunur və müalicə olunur. Heyvanların saxlanmasına, bəslənməsinə, davamlı dezinfeksiya tədbirlərinin aparılmasına əməl olunmalıdır.

Təfriqi diaqnoz: Qızıl yel, diplokokklu septisemiya, xlamidioz xəstəlikləri ilə laborator müayinələr vasitəsilə təfriq olunmalıdır.

Qeyd: Streptokokku keçirmiş cavanlar 2 ay ərzində ayrı saxlanılır, binalarda 3%-li aktiv xloru olan xlorlu əhəng məhlulu, 5%-li dezonalin, 5%-li emulsiyası və ya digər məhlullarla dezinfeksiya tədbirləri aparılır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.