Dabaq

Cütdırnaqlı ev və vəhşi heyvanların iti kontagioz virus xəstəliyi olub, mədə-bağırsaq traktının, əsasən də ağız boşluğunun selikli qişasında vezikulyar zədələrin (aftaların), dərinin tüksüz sahələrində eroziyaların əmələ gəlməsi ilə səciyyəvidir. Insanlarda da yoluxma qeyd edilmişdir. Törədici çox kiçik, tərkibində RNT saxlayan Picornaviridae ailəsinin aftoviruslar cinsinə aid viruslardır. Antigen xüsusiyyətlərinə görə 7 seroloji tipə ayırd edilir. Təkdırnaqlılardan başqa 14 dəstəyə, 33 ailəyə, 105 növə mənsub ev və vəhşi cütdırnaqlı heyvanlar yoluxurlar.

Ilk simptomlar. Virus orqanizmə respirator yolla və mədə-bağırsağın selikli qişası və dəri vasitəsilə daxil olur.  Yaxşı və yaman keyfiyyətli gedişli olur. Subkliniki formaları da təzahür etməkdədir. Inkubasiya dövrü 2-7 gün bəzən 12-14 gün davam edir. Iştahanın azalması, gövşəmənin zəifləməsi, ağızdan suyun axması ilkin kliniki nişanələrdir. Temperatur 40,5-41,50C-yə  yüksəlir, halsızlıq yaranır, nəbz və tənəffüs tezləşir, gövşəmə tam dayanır, südvermə kəskin azalır. Bu dövrdə selikli qişalar quru, isti, hipermiyalı olur.

Digər simptomlar. Temperaturun yüksəlməsindən 2-3 gün sonra ağız boşluğunun selikli qişasında – yuxarı, alt dodaqda, alt çənənin dişsiz sahəsinin kənarında, dildə, burun ətrafında aftalar yaranır.  Onlar əvvəlcə şəffaf, sonra bulanıq maye ilə dolur. Dabağın generalizasiya etmiş formasında əmcəklərdə, dırnaqda, dırnaqarası nahiyyədə, dırnağın yumşaq toxumasında, bəzən isə buynuz əsasında aftalar əmələ gəlir. Aftalar 12-36 saat sonra partlayır, ağız suyu ilə qarışır və ağızdan selik gəlir. Partlamış aftaların kənarlarında nahamar eroziyalar əmələ gəlir. Inəklərdə mastit, endometritlər və diareya müşahidə edilir.

Diaqnoz. Dabaq baş verdikdə virusun tipinin və serovariantının təyin edilməsi infeksiyanın tez bir zamanda yerində ləğv edilməsi, yayılmasının qarşısının alınması üçün vacib şərtlərdəndir. Diaqnoz epizootoloji məlumatlara, xəstəliyin kliniki əlamətlərinə, patoloji-anatomik dəyişikliklərə və laboratoriya müayinələrinə əsasən qoyulur.

Müalicə. Müalicədə xəstəliyi keçirmiş və ya aktiv peyvənd edilmiş heyvanların qan zərdabından istifadə olunur. Spesifik terapiyada immunoqlobulin preparatlarından (rekonvalentlərin və peyvənd edilmiş heyvanların qan zərdabı, qammaqlobulin, immunolakton, laktoqlobulin) istifadə edilir. Törədicinin məhv edilməsinə yönəlmiş kimyəvi-terapevtik preparatlar təyin edilir, antibiotik və sulfanil-amid preparatlar istifadə olunur. Heyvanın vəziyyətini yaxşılaşdırmaq üçün yaralara simptomatik müalicə – aseptik məhlul, məlhəmlər, dezinfeksiya maddələri işlədilir

Profilaktika. Respublikada dabağa qarşı mübarizənin əsasını önləyici tədbirlər və vaksinprofilaktika təşkil edir. Dabağa qarşı mübarizə tədbirləri: karantin məhdudiyyətlərinin tətbiqi, xəstəlik ocağında xəstə və xəstəliyə şübhəli heyvanların təcili kəsimi, infeksiya ocağı ətrafnda heyvanların peyvəndlənməsindən ibarətdir. Xəstə heyvanlar sağaldıqdan 21 gün sonra karantin götürülür. Xəstəlikdən sağalmış heyvanlar karantin götürüldükdən 3 ay sonra kəsimə göndərilə bilər.  

Təfriqi diaqnoz. Dabağın təfriqi diaqnostikasında viruslu vezikulyar stomatit, viruslu diareya, yaman keyfiyyətli kataral isitmə, İBH-ın taunu, çiçək, nekrobakterioz,  infeksion rinotraxeit, kontagioz ektima, qoyunların kataral isitməsi, travmatik xəstəliklər, bəzi maddələrlə zəhərlənmələr istisna olunmalıdır.

Qeyd. Xəstə heyvanlara qulluq zamanı insanlarda yoluxma baş verə bilər. Şəxsi profilaktika məqsədilə çiy, ət, süd məhsullarından istifadə olunmamalı, heyvanalara qulluq zamanı xüsusi geyim vasitələrindən istifadə olunmalıdır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.