Claviceps cinsindən olan göbələklərlə sirayətlənmiş yemləri qəbul edən zaman baş verən yoluxma

Heyvanların alimentar toksikozları olmaqla Claviceps cinsindən olan göbələklərlə sirayətlənmiş yemləri qəbul edən zaman yoluxma baş verir. Claviceps üç növlə təmsil olunur: Claviceps purpurea – çovdar mahmızının sporu (yabanı taxıl bitkilərini zədələyir); Claviceps mikrocephala (yabanı taxıl bitkilərində yayılıb); Claviceps paspali – Paspalium növlərinin parazitidir. Claviceps purpurea, Claviceps microcephala göbələklərinin skleroziyaları ilə törədilən mikotoksikozlar ümumi “ergotizm” adı altında birləşib. Ergotizm – alimentar mikotoksikoz olub, heyvanlara çovdar mahmızı qarışmış dənliləri, onların emal məhsullarını və qaba yemlərinin yemlə qəbulu zamanı baş verir. Törədici C.purpuria C.microcephala göbələkləri olub, daha çox vegetasiya dövründə olan çovdarı, az hallarda arpanı, vələmiri və buğdanı sirayətləndirir. Göbələklər heyvanlar üçün yalnız skleroziya mərhələlərində toksikidir. Yüksək temperatur və yağıntısız hava şəraiti çovdar mahmızının inkişafını dayandırır.

İlk simptomlar: Heyvanların çovdar mahmızı ilə sirayətlənmiş dənli bitkilər üstünlük təşkil edən otlaqlarda otarılması zamanı və oturaq şəraitdə saxlanıldıqda onlara içərisində çovdar mahmızı olan ot, dən və unlu yemlər verilən zaman xəstələnirlər. Konvulsiv (iti) və qanqrenozlu (xroniki) formaları ayırd edilir. Konvulsiv forma ətyeyənlərdə, atlarda, qoyunlarda müşahidə olunur və mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyəvidir. Xəstəliyin bu formada gedişi bir neçə saat davam edir və heyvanın tələf olması ilə nəticələnir.

Digər simptomlar: Bəzən isə arıqlama inkişaf etməklə xroniki gediş ola bilir. Qaramalda nəbzin tezləşməsi, şiddətli titrəmə, müvazinətin itməsi müşahidə olunur, ayaqlar, qulaqlar və quyruq zədələnir. Boğaz heyvanlarda balasalma halları da müşahidə edilməkdədir. Boyun və ətraf əzələlərində qıcolmalar təzahür edir.  Çovdar mahmızının toksiki maddələri saya əzələlərinə (xüsusən balalığın) təsir edir, bəbəkləri və qan damarlarını daraldır, toxumaların qidalanmasını pozur. Bu isə sianozla və bədənin müəyyən sahələrinin qanqrenası ilə nəticələnir.

Diaqnoz: Kliniki məlumatlara və yemləri mikotoksikoloji təhlilinə əsasən diaqnoz qoyulur.

Müalicə: Spesifik zəhər əleyhi vasitələr olmadığına görə müalicə yardımı madə və bağırsaqlarda olan zəhəri kənarlaşdırmaqdan ibarətdir. Mədənin yuyulması aparılır, daxilə işlətmə təyin edilir. Ürək vasitələrindən kofein və kamfra işlədilir, qanqrenozlu proseslərin inkişafı zamanı isə cərrahi əməliyyatlar aparılır. Xəstəliyi yüngül keçirən heyvanlar müalicə olunur, ağır xəstələr isə öldürülür.

Profilaktika: Çovdar mahmızı ilə zəhərlənmənin qarşısının alınması məqsədilə taxıl bitkilərini çiçəkləmə dövründə biçmək lazımdır. Çovdar mahmızı sporları olan ot çıxdaş edilir, otlaqlarda yoluxmuş ocaqlarda çovdar mahmızını yığmaq, heyvanların düzgün otarılmasını təşkil etmək lazımdır. Zəhərlənmə baş verən zaman isə çovdar mahmızı ilə sirayətlənmiş yemlər rasiondan çıxarılmalıdır.

Təfriqi diaqnoz: Zəhərli bitkilərlə, pestisidlərlə zəhərlənmələrdən, balasalmaları salmonella, brusellyoz mənşəli balasalmalardan təfriq etmək lazımdır.

Qeyd: Xəstə inəklərin südü qida üçün buraxılmır, ölmüş və ya öldürülmüş heyvanların əti baytarlıq baxışından sonra heyvanların yemləndirilməsi üçün istifadə edilir.