Buzovların, quzuların və dayçaların enterokokklu septisemiyası

Xəstəliyə daha çox buzovlar, quzular, çoşqalar, nadir hallarda isə dayçalar yoluxurlar. Xəstəliyin törədicisi D-sero qrupu streptokokklardır (enterokokklar).

İlk simptom: Xəstəlik ildırımvari, iti, yarımiti və xroniki gedişli olub pnevmoniya, enterit, poliartirit, sepsis kimi əlamətlərlə təzahür edir. İnkubasiya dövrü 1-2 gündən 1 həftəyə qədər davam edə bilir. Prosesin lokalizasiyasına görə septiki-toksiki, ağciyər, bağırsaq, oynaq və xəstəliyin qarışıq formada təzahürü ayırd edilir. Quzular üçün xəstəliyin ildırımvari və iti, buzovlar və dayçalar üçün isə iti və yarımiti gedişi xarakterikdir. Xəstəlik zamanı cavan heyvanlar yemdən imtina edir, bədən temperaturu 420C-yə qədər yüksəlir, əzələ titrəmələri baş verir. Tənəffüs tezləşir, xırıltı, burun dəliklərindən köpüklü axıntı nəzərə çarpır.

Digər simptomlar:  İshal zamanı fekal qanla qarışıq müşahidə edilir. Tənəffüs və nəbzin tezləşməsi, artiritlərl təzahür edir. Plevrit, heyvanlarda düşgünlük, irinli axıntılar qeyd edilir. Müalicə aparılmadıqda heyvan 2-3 gün ərzində tələf olur. Bağırsaq formasında qanlı diareya 2 aya qədər davam edə bilər.

Diaqnoz: Epizootoloji məlumatları, klinik əlamətləri, patoloji dəyişiklikləri və bakterioloji tədqiqatların nəticələrini nəzərə alaraq təyin edilir.

Müalicə. Antibiotiklər (sefatoksim, norfloksasin, enroksil, sefaleksin, monomisin, lincomycin, amoksisillin və s.), sulfanamid preparatlar, həmçinin xüsusi serum və simptomatik müalicə tətbiq olunur.

Profilaktika. Profilaktikada heyvanlara qulluq – zoogigiyenik, baytarlıq və sanitariya qaydalarına riayət etmək vacibdir. Yeni doğulmuşların mastitli inəklərdən südlə qidalanmasının qarşısını almaq lazımdır. Qeyri-sağlam təsərrüfatlarda yeni doğulmuş heyvanlarda birinci gün passiv pryvəndləmə, 8-ci gündə isə peyvəndləmə aparılmalıdır. Boğaz  heyvanlar peyvənd edilməlidir. Xəstə və xəstəliyə şübhəlilər təcrid olunur və müalicə olunur. Heyvanların saxlanmasına, bəslənməsinə, davamlı dezinfeksiya tədbirlərinin aparılmasına əməl olunmalıdır.

Təfriqi diaqnoz. Kolibakterioz, salmonellyoz, xlamidiya, adenovirus kimi infeksiyalardan təfriq edilməlidir.

Qeyd. Xəstəlik 2-4 aylıqdan yuxarı yaş həddində olan buzovlarda və 1-2 aylıqdan yuxarı dayçalarda xroniki gedişli olur.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.