Buzovların parvovirus infeksiyası

Cavan iribuynuzlu heyvanların iti keçən kontagioz virus xəstəliyi olub, həzm və tənəffüs orqanlarının iltihabi zədələnmələri ilə səciyyələnir. TörədiciDNT-li virus olmaqla Parvoviridae ailəsinin Parvovirus cinsinə mənsubdur. İribuynuzlu heyvanların bütün parvovirusları eyni olub, insanların, donuzların, qunduzların, itlərin, pişik və siçovulların virusları ilə antigen qohumluğu yoxdur. Parvoviruslarda qişanın olmaması onların xarici mühitə qarşı yüksək davamlı olmasına səbəb olur. Belə ki, virus 560C-də 1 saatdan artıq qalır, 900C-də 5-10 dəqiqəyə inaktivləşir.

Ilk simptomlar. Xəstəlik iribuynuzlular, donuz, it, pişik, siçovul və insanlarda qeyd edilir. Lakin daha çox 10 aylığa qədər yaşda olan iribuynuzlu heyvanlar yoluxurlar. İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş heyvanlardır. Bu heyvanlar virusdaşıyıcı olmaqla parvovirusları ətrafa kal kütləsi, bəlğəm və burun axıntısı ilə yayırlar. Yoluxma alimentar və hava-damcı yolla da baş verir. Xəstəliyin ötürülməsində yem, su, toz, qulluq əşyaları əsas faktorlardandır. İnkubasiya dövrü 1-3 gündür. Xəstəlik qızdırma, depressiya, immunitetin azalması, ağızdan su axması ilə başlayır. Temperatur 40,5-410C-ə qədər yüksəlir. Xəstəlik daha çox iti formada müşahidə olunur, mürəkkəbləşmə olduqda isə xroniki formaya keçir. Xəstəliyin ilk günlərində iti respirator sindrom inkişaf edir. O, rinit (burun deşiklərindən serrozlu-selikli axıntı) və traxeyobronxit (inspiratorlu tənginəfəslik, öskürək) əlamətləri ilə xarakterizə olunur.

Digər simptomlar. Sonrakı günlərdə Burunun selikli qişasında eroziyalar əmələ gəlir, əvvəlcə quru öskürək, sonra isə dərin və ağrılı olur. 2-ci günündən iti kataral enterit əlamətləri və diareya təzahür edir. Kal kütləsi boz-sarımtıl və ya açıq qəhvəyi rəngdə, qanla qarışıq olur. Eyni vaxtda dehidratasiya və toksikoz başlayır, əzginlik şiddətlənir, göz almaları batır, taxikardiya, taxipnoye (sürətli nəfəs) müşahidə edilir. Konyunktivit inkişaf edir, bu işıqdan qorxma, gözdən yaş axması, konyunktivanın hiperemiyalaşması və şişkinliyi ilə müşayət olunur. MSS-in zədələnmələri, coşğunluq, ataksiya, koma, boğaz inəklərdə boğazlığın 2-ci dövründə balasalma qeyd olunur.

Diaqnoz:  Epizootoloji məlumatlar, kliniki əlamətlər və patoloji-anatomik dəyişikliklər ilkin diaqnozun əsasını təşkil edir. Son diaqnoz laborator müayinələrlə – cüt qan zərdabı, patoloji material qismində xəstə heyvanların burun boşluğunun selikli qişalarından, traxeyadan, bronxlardan, nazik bağırsaqlardan, baş beyindən, zədələnmiş limfa vəzilərindən götürülmüş nümunələrə əsasən qoyulur. Qoşa qan zərdablarının HATR, NR və ya İFA müayinələri ilə parvovirusdun cavan heyvanlarda respirator bağırsaq patologiyasının yaranmasında etioloji rolunun aşkarlanması əsas şərtdir.

Müalicə: Spesifik müalicə məqsədilə ibh-ın parvovirus infeksiyası əleyhinə hiperimmun qan zərdabı və yaxud rekonvalesentlərin qanı işlədilir. Xəstəliyin ilkin vaxtlarında virusostatik preparatların tətbiqi səmərəlidir. Bakterial mürəkkəbləşmənin qarşısını almaq məqsədilə antibotiklərdən istifadə olunmalıdır.

Profilaktika: Spesifik profilaktikada vaksinasiyadan istifadə olunur. Profilaktikanın əsasını baytarlıq-sanitariya tədbirlərinə əməl edilməsi, heyvanların saxlanma və yemlənmə şəraitinin yaxşılaşdırılması təşkil edir. Təsərrüfatlarda mütəmadi olaraq seroloji müayinələr aparılmalıdır. Heyvan saxlanılan binalar dezinfeksiya maddələri ilə – natrium hidroksid, formalin, yod xlorid və s. məhlullarla dezinfeksiya edilməlidir. Xəstəlik baş vermiş təsərrüfatlar qeyri-sağlam elan edilir, axırıncı xəstə heyvanın sağalmasından və ya kəsilməsindən eyni zamanda pavovirus infeksiyanın təkrar baş verməsinin və inkişafının qarşısının alınması məqsədilə kompleks tədbirlər aparıldıqdan sonra təsərrüfat sağlam elan olunur.

Təfriqi diaqnoz: Təfriqi diaqnostikada korona və rotavirus infeksiyasından, eşerixioz, viruslu diareya, psevdomonoz, salmonellyoz, proteya və digər enterobakterial infeksiyalar, qeyri-infeksion xarakterli müxtəlif diareyaların mövcudluğu araşdırılmalı, xüsusilə qarışıq infeksiyaların olması nəzərə alınmalıdır.

Qeyd: Xəstəliyi keçirmiş heyvanlarda 1 ilədək immunitet davam edir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.