Buzovların koronovirus infeksiyası (diareyası)

Buzovların mədə-bağırsaq sisteminin iltihabı, dispepsiyası və ishalla keçən iti gedişli xəstəliyidir. TörədicisiCoronoviridae ailəsinə mənsub təsnif edilməmiş RNT-li virusdur. Qızdırılmağa həssasdır, 5,0-7,0 pH-lı mühitə davamlıdır. İnək və qoyunlar arasında geniş yayılmışdır. Buzovlar anadan keçmə anticisimlər olmadıqda 10-cu gündən 8 həftəliyə qədər olduqda  xəstələnirlər. Anadan südlə anticisimlər almış buzovlar 8 həftəyə qədər törədiciyə həssas deyillər.

Ilk simptomlar: Kal kütləsi və sidiklə virusu xarici mühitə ifraz edən xəstə və xəstəlik keçirmiş heyvanlardır. Heyvanlar alimentar yolla yem və su, eləcə də aerogen yolla da yoluxa bilirlər. Buzovların bağırsağına düşmüş törədici xovların epiteli hüceyrələrində çoxalır, silindrik epiteli hüceyrələrinin kubşəkilli və pulcuqlu hüceyrələrlə əvəz olunmasına imkan yaradır. Nəticədə qida maddələrinin sorulması, həzm fermentlərinin – disaxaridazaların sekresiyası pozulur. Törədici həmçinin tənəffüs və həzm sistemi orqanlarının epiteli hüceyrələrində çoxalaraq patoloji prosesə səbəb olur. İnkubasiya dövrü 18-24 saat, 2 aydan yuxarı yaşda olan buzovlarda isə 36-48 saat davam edir. İştahanın azalması, sulu ishal, bədən temperaturunun fizioloji normadan aşağı olması ilk kliniki əlamətlərdir.

Digər simptomlar. 36-48 saat sonra sulu ishal sarımtıl-boz rəngdə, çürümüş südlə bəzən qanla qarışmış olur. Ağız boşluğunda eroziya və yaraların olması ilə əlaqədar köpüklü ağız suyu ifraz olunur. Heyvanda susuzlaşma, depresiya baş verir, xəstəlik 7-12 gün davam edir. 9-17 aylıq buzovlarda iti, yarım iti, xroniki formada baş verən xəstəlik rinit, tənginəfəslik, quru ağrılı öskürmə, mürəkkəbləşmələr olduqda isə  ölümlə nəticələnən komatoz vəziyyət yaranır. Xəstəlik ağır keçmədikdə yuxarı yaşlı buzovlar 1-2 həftədən sonra sağalırlar. 

Diaqnoz:  Epizootoloji məlumatların, xəstəliyin kliniki təzahürünə, patoloji-anatomik dəyişikliklərə və laborator müayinələrin nəticələrinə əsasən qoyulur. IBH-da koronovirusu elektron mikroskopiya və kalın İFR, krio kəsiklər üsulu ilə sirayətlənmiş toxuma kulturalarında indikasiya edirlər. Koronovirusun identifikasiyası İFR, DPR, NR, HAR, HATR, DHAG və İFA ilə aparılır.

Müalicə: 3-15 günlük buzovların müalicəsində donor heyvanlardan alınan hiperimmun qan zərdabından istifadə etmək olar. Xəstə buzovlar simptomatik müalicə edilirlər. Xəstə buzovlara spesifik koronavirusun antihemaqqlütininləri ilə zəngin olan südün və peyvənd edilmiş anaların ağız südünün içirilməsi məqsədəuyğundur. Boğaz inəklər doğuma 80-90 gün qalmış peyvəndlənməyə cəlb olunurlar.

Profilaktika: Spesifik profilaktika məqsədilə vaksindən istifadə olunur. Profilaktika baytarlıq-sanitariya qaydalarına əməl edilməsi, infeksiyanın düşməsinə imkan verilməməsi, yeni gətirilən heyvanların profilaktik karantində saxlanması, xəstəliyə vaxtında diaqnoz qoyulması, xəstə və xəstəliyə şübhəli heyvanların təcrid edilməsi, dezinfeksiya tədbirlərindən ibarətdir. Buzovlara ayrıca qulluq göstərilir, yaşlılarla bir yerdə saxlanılmasına yol verilmir, doğum şöbəsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilir.

Təfriqi diaqnoz: Paraqrip-3, adenovirus infeksiyası, infeksion rinotraxeit, IBH-ın parvovirus infeksiyası, pasterellyoz, xlamidioz, viruslu diareyadan təfriq edilməlidir.

Qeyd: Xəstəlikdən sonra buzovlarda koronovirus diareyasına qarşı 1 ilə qədər immunitet yaranır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.