Bruselyoz

Bruselyoz kənd təsərrüfatı, vəhşi heyvanlar və insanların xroniki infeksion-allergik xəstəliyi olub, dişi heyvanlarda balasalma, sonun ləngiməsi, erkəklərdə orxit və epididimitlə səciyyələnir. Hazırda 60 növdən çox fəqərəli heyvan növlərinin bruselyozla yoluxması məlumdur. İxodidae və Arqasidae ailəsindən olan 16 növ gənələrdən brusella törədicisi ayrılmışdır. Qaramal, yaklar, camışlar, zebular, dəvələr və atlar, qoyun və keçilər, itlər xəstəliyə həssadırlar.

Ilk simptomlar. Bruselyozlu heyvanlar və mikrobdaşıyıcılar, dölətrafı maye, döl qişaları, atılmış döl və  cinsiyyət yollarının ifrazatları ilə ətraf mühitə külli miqdarda brusella ixrac edən balasalmış heyvanlar təhlükəlidir. Brusellalar süd, sperma, sidik və kalla da ixrac olunurlar. Yoluxmanın ilk dövründə brusellalar giriş qapısından limfa vasitəsilə orqanizmə yayılır və regional limfa düyünlərində yığılırlar. Bir müddət bu düyünlərdə çoxaldıqdan sonra törədicinin dozasından və virulentliyindən, eyni zamanda makroorqanizmin müdafiə xassələrindən asılı olaraq brusellalar bu düyünlərdə ya məhv edilirlər, ya da qana keçib daxili orqanlara yayılırlar, qanla balalığa keçərək iltihabi proseslə müşayət olunurlar.

Digər simptomlar. Vaxtında aparılmamış diaqnostika və gecikmiş müalicədə – xəstəlik xronik residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas etibarilə dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir. Bruselyoz heyvanlarda əsasən latent formada keçir. Bədəndə hərarətin yüksəlməsi, lixoradka (hərarətin enib qalxması) müşahidə oluna bilər. Inkubasiya dövrü 2-4 həftə davam edir. Iri buynuzlularda dişilərdə boğazlığın 5-8 ayında ilkin nişanələr büruzə verir. Balasalmaya 1-2 gün qalmış xarici tənasül orqanlarının şişməsi, balalıq yolundan iysiz bozumtul selik axıntısı və yelinin şişməsi nəzərə çarpır. Qoyun və keçilər boğazlığın 3-5 ayında bala salırlar.

Diaqnoz: Epizootoloji analizin nəticələrinə, kliniki və laborator müayinələrinə əsasən qoyulur. Diaqnozda allerji və seroloji müayinələrin nəticələrinin çox böyük əhəmiyyəti var. Bu məlumatlar xüsusən xəstəliyin yayılma dərəcəsinin və ona qarşı kompleks tədbirlər sisteminin müəyyən olunması üçün müstəsna əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı heyvanlarının bruselyozunun laborator diaqnostikasında heyvanın növündən asılı olaraq istifadə olunan seroloji və allerji reaksiyalar müxtəlif ola bilər. Qaramal və camışlarda – AR, KBR, KUMBR, Roz-benqal sınağı, süd-həlqə reaksiyası; xırda buynuzlu heyvanlarda – 10%-li NaCl məhlulunda AR, Roz- benqal sınağı, allerji reaksiyalar aparılır.                                                                    

Müalicə: Bruselyozda immunitet nisbətən gərgindir və yavaş – ləng formalaşır. Immun müdafiədə toxuma immunitrti aparıcı əhəmiyyət kəsb edir. Heyvanların qanında olan anticisimlər onları təkrar yoluxmadan qorumur, onların titrinin yüksəkliyi immunitetə dəlalət etmir. Antibiotiklərlə müalicə yaxşı səmərə vermir.                                                                                             

Profilaktika:  Əsas profilaktik tədbirlər təsərrüfata törədicinin kənardan gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Çox vaxt xəstəliyin törədicisi yeni alınan heyvanlar vasitəsilə daxil olduğundan belə heyvanlara ciddi nəzarət edilməlidir. Törədici təsərrüfata həmçinin yem vasitəsilə də gətirilə bilər. Xəstə heyvanlarla birlikdə suvarma və ya otlama zamanı da yoluxma mümkündür. Xəstəlik baş verdikdə təsərrüfata karantin qoyulur, tədbirlər planı müəyyən edilir. Ocağın söndürülməsi üçün ən etibarlı üsul – heyvanların hamısının təcili kəsimə verilməsi, qüvvədə olan təlimata uyğun olaraq emalı və təsərrüfatda müvafiq dezinfeksiya tədbirlərinin aparılması hesab edilir. Bruselyozun spesifik profilaktikası üçün 19 saylı, 82 saylı və Rev-1 ştammlarından hazırlanmış vaksinlər tətbiq olunur.                                                                             

Təfriqi diaqnoz: Təfriqi diaqnoz üçün bruselyozu kampilobakteriozdan, yoluxucu rinotraxeitdən, salmonellyozdan, ku-isitməsindən, listeriozdan, trixomonozdan, zəhərlənmələrdən fərqləndirmək lazımdır. Bruselyozda qeyd olunan xarakterik əlamət-balasalma listerozda, trixomonozda, infeksion follokulyar vestibulitdə, yemlərlə zəhərlənmələrdə, zədələnmələrdə və s. də müşahidə olunur. İnəklərdə sonun ləngiməsi natamam yemləmə nəticəsində də baş verə bilər. Qoyunlarda balasalma paratif listerioz, xlamidioz, kampilobakterioz xəstəliklərində, zədələnmələr nəicəsində yemlərlə zəhərlənmələrdə əmələ gələ bilər.                                                                                                           

Qeyd: Boğaz heyvanlarda balasalma müşahidə edilirsə bruselyoz xəstəliyinin olmasından şübhələnmək olar. Lakin ilk dəfə bruselyoz diaqnozu qoyulmuş sağlam təsərrüfatlarda seroloji reaksiyalardan istifadə etməklə kifayətlənmək olmaz. Xəstəliyi təsdiq etmək üçün tələb olunan müayinə üsulları tətbiq edilməlidir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.

Rəy bildirin

Bir cavab yazın