Bradzot

Qoyun və keçilərin itigedişli toksiko infeksion xəstəliyi olub, şirdan və onikibarmaq bağırsağın hemorroji iltihabı, mədədə qazın toplanması və xəstə heyvanların ölümü  ilə səciyyələnir. Xəstəlik qeyri kontagiozdur.  Bradzotun törədicisi C.septicum – polimorf çubuq olmaqla, tək-tək hüceyrələr və ya cüt-cüt yerləşirlər. Xəstəlik törədicisinin sporları, fiziki və kimyəvi faktorların təsirinə çox davamlıdır. Amil torpaqda əlverişli mühit şəraitində illərlə yaşaya bilir. Təbii şəraitdə yaş və cinsdən asılı olmayaraq bradzotla yalnız qoyunlar xəstələnir. Xüsusilə 2 yaşa qədər heyvanlar xəstəliyə daha çox həssaslıq göstərirlər.

Ilk simptomlar. Qeyri-sağlam təsərrüfatlarda xəstəliyin baş verməsində yemin keyfiyyətinin birdən-birə dəyişilməsi, bir dəfəyə çoxlu miqdarda yeni göyərmiş otun qəbulu, heyvanlarda helmintozlar və mineral azlığı mühüm rol oynayır. Qoyun cəsədləri və xəstəlik törədiciləri ilə çirklənmiş otlaq sahəsi, su, toplanmış yem məhsulları infeksiya törədicisinin yayıcısı kimi böyük əhəmiyyət kəsb edir.  Əsas yoluxma yolu alimentar yoldur. Xüsusilə amilin sporları ilə çirklənmiş yem və suyun qəbulu zamanı yoluxma baş verir. Bradzot ildırımvarı və iti gedir. Bəzən qoyunlarda qanlı ishal, tez-tez sidik ifrazı, timpaniya, sancı, konyunktivanın hiperemiyası, dişlərin xırçıldaması nəzərə çarpır. Heyvanda hərəkət çətinləşir. Bu zaman kliniki olaraq sağlam görünən qoyunların qəflətən ölümü müşahidə edilir. Ölümdən əvvəl heyvanlarda bəzən güclü sinir tutmaları, görünən selikli qişaların hiperemiyası, konyunktivit, timpaniya və ağızdan köpüklü maye axması müşahidə edilir.

Digər simptomlar. Xəstəliyin itigedişi zamanı bədəndə temperaturun 40,5-41,00C -yə qədər yüksəlməsi, ümumi düşkünlük, nəbz və tənəffüsün tezləşməsi, ağız və burundan köpüklü maye axması görünür. Sinir pozğunluğu əlamətləri, xüsusilə narahatlıq, oyanıqlıq, dairəvi və tullanma hərəkətləri müşahidə edilir. Heyvan yerə yıxılır, ətrafları ilə üzmə hərəkətləri edir. Nadir hallarda heyvanlarda periodik tutmalar və kollaps baş verir.

Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişiklikləri nəzərə alınır və dəqiq diaqnoz məqsədilə bakterioloji müayinədən istifadə edilir. Bakterioloji müayinə üçün laboratoriyaya yenicə ölmüş heyvan cəsədi və ya böyrək, dalaq, qaraciyər kəsikləri, şirdan, onikibarmaq bağırsaq və sümük iliyi göndərilir. Pataloji material ölümdən 3-4 saat gec olmamaq şərti ilə götürülməlidir. Əks halda düzgün nəticə alınmır. Laboratoriyada patoloji materialdan hazırlanmış yaxmaların mikroskopiyası, amilin təmiz kulturasının alınması aparılır və laboratoriya təcrübə heyvanları üzərində bioloji sınaq qoyulur.

Təfriqi diaqnoz. Bradzotu qarayaradan, anaerob enterotoksemiyadan, emfizematoz karbunkuldan, pasterellyozdan və piroplazmozdan təfriq etmək lazımdır. Qarayarada dalaq böyüməklə pulpası sıyıqvarı və qətran rəngində olur. İnfeksion anaerob enterotoksemiyada qaraciyər və şirdanda iltihab olmur, çox vaxt böyrək yumşalması qeydə alınır. Emfizematoz karbunkulda xışıldayıcı şişlər və bakterioloji müayinənin nəticəsi əsas götürülür.

 Müalicə. İldırımvari forma zamanı müalicə nəticə vermir. Xəstəliyin iti forması zamanı xəstəlik əleyhi antitoksik serrumla birgə antibiotiklərdən ümumi qəbul edilmiş dozada istifadə edilir. Xəstəliyin iti gedişi zamanı qeyri-spesifik və simptomatik müalicə vasitələrinin də tətbiqi məqsədə müvafiqdir. Xəstəliyə qarşı müxtəlif vaksinlər – bradzot, infeksion enterotoksemiya, qoyunların yaman şişi və quzuların anaerob dizenteriyasına qarşı polivalent qatılaşdırılmış hidroksialüminium vaksin işlədilir. Vaksin məcburi peyvənd zamanı 12-14 günlük fasilə ilə, profilaktiki peyvənd zamanı isə 20-30 günlük fasilə ilə 2 dəfə əzələarasına yeridilir.

Profilaktika. Bradzotun profilaktikası məqsədilə otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Bu sırada spesifik profilaktika və dezinfeksiya işləri mütləqdir. Cari dezinfeksiya 3%-li xlorlu əhəng, 10%-li formaldehid, 5%-li natrium qələvisi məhlulları müsbət nəticə verir. Qoyunların yemlənmə-saxlanma şəraiti yaxşılaşdırılmalı və xəstəliyin baş verməsinə səbəb olan digər maneələr aradan götürülməlidir. Xəstəlik sürüdə müşahidə olunduqda onların otlaq sahəsi dəyişdirilməli və təcili vaksinasiya aparılmalıdır. Xəstəliyə görə qeyri-sağlam zonalarda təlimat əsasında profilaktik vaksinasiya və dehelmentizasiya aparılmalıdır. Heyvanların axmaz sulardan suvarılması və şehli-qrovlu otlaq sahəsində otarılmasına icazə verilməməlidir. Profilaktik vaksinasiya yaz və payızda heyvanların otlaq sahəsinə keçirilməsinə 30- 45 gün qalmış aparılmalıdır. Xəstəlik baş verdikdə məhdudlaşdırıcı tədbirlərdən istifadə olunur. Təsərrüfata heyvan qəbulu və kənara çıxarılması qadağan olunur, digər heyvanlarda vaksinasiya aparılır.

Qeyd. Xəstə heyvanların kəsilməsi və ölmüş heyvanların dərisinin soyulmasına icazə verilmir. Xəstəlikdən ölmüş heyvanların cəsədi dəri ilə birlikdə yandırılmalıdır. Xəstə heyvanların yununun qırxılması və südündən istifadəyə icazə verilmir. Peyin yem qalıqları ilə birlikdə yığılaraq yandırılmalıdır. Qoruyucu vasitələrin sırasında dezinfeksiya işləri əhəmiyyət kəsb edir. İnsanların sağlamlığını təmin etmək məqsədilə təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri kompleksinin həyata keçirilməsi vacibdir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.