Botulizm

Çoxsaylı heyvan növlərinin və insanın ağır gedişli yem intoksikasiyası olub, sinir sisteminin zədələnməsi, əzələlərin parezi və heyvanın ölümü ilə səciyyələnir. Antigen quruluşuna görə 7 immunoloji müxtəlif tiplərə (A,B,C,D,E,F,G) bölünür ki, onların hər biri müxtəlif heyvanlarda xəstəlik törədir. Iri buynuzlu heyvanlar (C,D tipi), qoyunlar (C tipi), atlar (B tipi), quşlar (C tipi) xəstəliyə həssasdırlar.

İlk simptom:  Yem (silos, dən və s.) vasitəsilə orqanizmə daxil olan törədici həzm sisteminin selikli qışası tərəfindən sorularaq qana keçir. İnkubasiya dövrü 18 saatdan 16-20 günə qədər davam edir. Xəstəlik yemlə orqanizmə daxil olmuş toksinin dozasından, orqanizmin müqavimətindən asılı olaraq ildırımvari, iti, yarım iti və xroniki gedişli ola bilir. Şiddətli zəifləmə, innervasiyanın pozulması, bulbar iflici – çeynəmə və udma əzələlərinin iflici ilk simptomatik əlamətlərdir. Xəstə heyvanlarda iştaha və suya təlabat azalmır, lakin heyvan suyu və yemi uda bilmir. Letallıq yüksəkdir.

Digər simptomlar: Heyvanın dili quru və sarımtıl-ağ ərplə örtülür, iflicə görə dil ağız boşluğundan sallanır. Heyvan tez arıqlayır, görmə qabiliyyətinin azalması, mədə-bağırsaq sisteminin sekretor və motor funksiyasının pozulması müşahidə edilir.  Baş beyin qabığının fəaliyyəti, uzunsov beyinin mərkəzləri pozularaq iflicin inkişafına səbəb olur. Bədən temperaturu normal həddə qalır.

Diaqnoz: Diaqnoz qoyulan zaman kliniki nişanələrlə yanaşı istifadə olunan yemin tərkibi nərəzə alınmaqla laborator müayinələr aparılmalı, yem nümunələri, mədə möhtəviyyatı, xəstə heyvanın qanı və ölmüş heyvanın qaraciyər tikələri tədqiq edilməlidir.

Müalicə: Botulizm baş verdikdə xəstə heyvanlar təcrid edilir və müalicə olunurlar.Müalicə mədənin yuyulmasından başlayır, güclü işlətmə preparatları təyin edilir, düz bağırsaqların boşalması üçün ilıq imalə olunur. Spesifik müalicədə botulizməleyhi qan zərdabı erkən vaxtda venadaxili yeridilməlidir. Orqanizmə kömək məqsədilə simptomatik vasitələr – qlükoza məhlulları, ürək fəaliyyətinə yardım üçün kofein və s. işlədilir. 

Profilaktika:  Nəmli, kiflənmiş yemlərin heyvana verilməsi qadağandır. İşladılmış yemlər isə hazırlandıqdan dərhal sonra verilməlidir. Xəstəliyin qarşısının alınmasında vaksinasiyanın əhəmiyyəti böyükdür, peyvənd aparılmış heyvanlarda 1 ilə qədər immunitet yaranır.

Təfriqi diaqnoz: Təfriqi diaqnostikada Qarayara, quduzluq, listerioz, Auyeski xəstəliyi, afosferoz, Marek xəstəliyi, B1 avitaminoz, gövşəyənlərin asetonimiyası istisna edilməlidir.

Qeyd: Ölmüş heyvanların cəsədi utilizasiyaya göndərilməli yaxud da yerində yandırılmalıdır. Xəstə və xəstəliyə şübhəli heyvanların ət üçün kəsilməsi və dərilərin soyulması qadağandır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.