Auyeski xəstəliyi (yalançı quduzluq, infeksion bulbar iflic, infeksion meninqoensefalit).

Xəstəliyin adı: Auyeski xəstəliyi (yalançı quduzluq, infeksion bulbar iflic, infeksion meninqoensefalit). Kənd təsərrüfatı, ev və vəhşi heyvan növlərinin iti keçən, mərkəzi sinir sisteminin, tənəffüs orqanlarının zədələnməsi, törədici amilin orqanizmə daxil olduğu yerdə şiddətli qartdanma və qaşınma ilə səciyyələnən xəstəlikdir.Təbii şəraitdə iribuynuzlu heyvanlar, qoyun, keçi, donuz, at, it, pişik, tülkü, canavar, gəmiricilər, quşlar və başqaları virusa yoluxurlar. Xəstəliyə insanlar da həssasdır.Törədici -Herpesviridae ailəsinə mənsub DNT-li virusdur. Xarici mühitə davamlıdır, kimyəvi maddələrə davamsız olub, karbol turşusunun 5%-li məhlulunda 2 dəqiqəyə, 2%-li formalin məhlulunda isə 20 dəqiqəyə inaktivləşir.

Ilk simptomlar: Xəstə heyvanlar və virusdaşıyıcılar  xəstəlik mənbəyidir. Xəstəlik törədicisinin ötürülməsində insan faktoru və  gəmiricilər də əsas rol oynayır. Təbii şəraitdə heyvanlar əsasən alimentar yolla yoluxurlar, oturaq şəraitdə saxlandıqda zədələnmiş dəri vasitəsilə yoluxma müşahidə edilmişdir. Gəmiricilərdə xəstəlik kannibalizm nəticəsində yayılır. Heyvanın növündən, yaşından, törədicinin patogenliyindən və orqanizmə daxil olma yerindən asılı olaraq xəstəliyin inkubasiya dövrü 2-20 gündür. İribuynuzlu heyvanlarda iştahanın itməsi, mədə önlüklərin atoniyası, sağımın azalması, xəstəliyin ilk 2-3-cü günlərində temperaturun 40,9-410C-ə qədər yüksəlməsi səciyyəvidir.

Digər simptomlar: Göz nahiyəsində, dodaqda, ətraflarda, quyruğun kökündə yaranan qaşınma heyvanı fasiləsiz olaraq ətraf əşyalara sürtməyə məcbur edir ki, həmin nahiyələrdə tük örtüyünün tökülməsi müşahidə edilir. Öskürmə, göz, burundan yaş, selik axması, 3-cü qapağın düşməsi, qarın və boyun əzələrində qıcolmalar və coşğunluq qeyd edilir. Suya tələbat artır, lakin iflic vəziyyət xəstə heyvanın su içməsinə imkan vermir, sağalma nadir hallarda təsadüf edilir, ölüm 72-84 saat ərzində baş verir. Xırdabuynuzlularda xəstəlik ağır formada keçir. Bədən temperaturunun yüksəlməsi, iştahanın itməsi, gövşəmənin dayanması, reflektor oyanmanın çoxalması və qıcolmaların meydana gəlməsi ilə müşahidə edilir. Güclü coşğunluq, başın üz hissəsinin həcmcə 2 dəfə böyüməsi, ağızdan selik axma və qaşınmalar 72-80 saata qədər çəkir, heyvan tələf olur (quzular 24-48 saatda).

Diaqnoz: Epizootoloji, kliniki, patoloji-anatomik və bioloji müayinə üsullarının nəticələrinə əsaslanır. Bioloji sınaq üçün patmaterial temperatur reaksiyası sinir simptomlarının, qaşınma və qartdanmanın şiddətlənməsi ərəfəsində məcburi kəsilmiş və ölmüş heyvanlardan götürülmüş patmaterial isti aylarda 6 saat, soyuqda isə 12 saat müddətində müayinə edilməlidir.

Müalicə: Auyeski əleyhi immun serrumdan və spesifik qammaqlobilindən istifadə olunur. Heyvanların ümumi reaktivliyinin yüksəldilməsi üçün protein terapiyası da tətbiq olunmalıdır. Mürəkkəbləşmələr zamanı antibiotik və vitaminlər yaxşı səmərə verir.

Profilaktika: Xüsusi profilaktika vaksinasiya aparılmalıdır. Profilaktik tədbirlər infeksiyanın kənardan gətirilməsinin qarşısının alınmasına, gəmiricilərin ifrazatları ilə çirklənmiş yemin heyvanlara verilməməsinə və baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsinə yönəldilməlidir. Xəstəlik törədicisinin ötürülməsində rol oynayan gəmiricilərə qarşı davamlı mübarizə aparılmalıdır.

Təfriqi diaqnoz: Quduzluqdan, listerioz, pasterellyoz, xörək duzu ilə zəhərlənmədən, avitaminozlardan, meningit və ensefalitlərdən təfriq edilməlidir.

Qeyd: Xəstəlik keçirmiş heyvanlarda 1-3 il müddətində gərgin immunitet yaranır. Passiv immunitet (kolostral) ağız südü ilə analardan anticimlər keçməsi ilə yaranır.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.