Aspergillotoksikoz

Aspergillotoksikoz: Aspergillofumiqatotoksikoz –Heyvanların alimentar mikotoksikozu olub, onları Aspergillus cinsindən olan göbələklərlə sirayətlənmiş yemlərlə yemləyən zaman baş verir. Aspergillotoksikozlara bütün növ kənd təsərrüfatı, ev heyvanları, gəmiricilər, at, donuz, xəzdərililər, cavan quşlar, arılar həssasdırlar. Xəstəlik törədiciləri təbiətdə, xüsusilə yüksək nəmli şəraitdə geniş yayıldığından yoluxma il boyu müşahidə olunur.A.fumigatus xəstəliyin törədicisi olub, torpağın, dənin, qaba yemlərin mikobiotasının tipik nümayəndəsidir, ondan antibiotik və toksinlər ifraz edirlər. A.fumigatus 45-500C-də, xüsusən də özü qızışan otda yaxşı boy verir və inkişaf edir. 

Ilk simptomlar: Zəhərlənmə mənbəyi bütün növ yemlər, o cümlədən ot, dən və onun emal məhsulları, xüsusən də tərkibində kondisiyaya uyğun olmayan öz-özünə qızışan dənlərdən hazırlanmış qarışıq yemlər ola bilər. Xəstəlik iti və xroniki formalarda baş verir. İti formada  heyvanda iştahasızlıq, görünən selikli qişaların sarıya çalan hiperimiyası, yorğunluq, bəzən əzələ titrəmələri, sancı tutmaları, diareya ilə əvəzlənən qəbizlik müşahidə edilir. Nəbz zəif, dəqiqədə 90-110 vurğulu olur. Kal kütləsi qan və seliklə qarışıq, bəzi heyvanlarda isə zəhərlənmə, ataksiya və qıcolmalarla müşayət olunur. Xəstəliyin xroniki gedişi zamanı isə boydan qalma, arıqlama, zəiflik, diareya, parezlər, leykositlərin miqdarının azalması əlamətləri ilə xarakterizə edilir.

Digər simptomlar: Aspergillofumiqatotoksikoz zamanı xəstəliyin inkişaf mexanizmi daxil olan mikotoksinin dozasından asılıdır. Belə ki, birdəfəlik yüksək miqdarda mikotoksinin qəbulu ölümlə nəticələnən iti toksikoza səbəb olur. Kiçik həcmdə qəbul zamanı yarımiti və xroniki gediş baş verir. Bu isə qaraciyərin distrofiyası (hepatoz), enterit, qlükogenin və  A vitamininin azalması, nüvədə RNT-nin metabolizminin pozulması, teratogen, mutagen və kanstrogen effektlərlə xarakterizə olunur.

Diaqnoz: Epizootoloji, epidemioloji, kliniki, patoloji-anatomik və toksikomikoloji müayinələrin nəticələrinə əsasən qoyulur.

Müalicə: Simptomatik – müxtəlif  orqanlarda yaranmış patoloji proseslərə qarşı müalicə tətbiq edilir.

Profilaktika: Profilaktikanın əsasını göbələklərlə sirayətlənmiş yaxud da zəhərlənmədə şübhəli bilinən yemlərin rasiondan çıxarılması, otun, küləşin, yarmanın, kalsium hidroksid, natrium karbonat məhlulları ilə işləmədən keçirilməsi təşkil edir. İşlənilmədən sonra dəni toksikliyə görə nəzarət yoxlanılmasından keçirib heyvanlara yedizdirmək olar.

Təfriqi diaqnoz: Teşin, aueski xəstəliklərindən, həmçinin bakterial və kimyəvi zəhərlərlə zəhərlənmələrdən təfriq edilməlidir.

Qeyd: Xəstəliyi keçirmiş heyvanlarda immunitet formalaşmır, yenidən yoluxma halları müşahidə edilir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.