Aktinobatsilyoz

Aktinobatsilyoz – heyvanların xroniki xəstəliyi olub, başın və boynun yumşaq toxumalarının, limfa düyünlərinin irinli zədələnməsi ilə səciyyəvidir. Xəstəliyin törədicisi aktinomiset sinfinə mənsub Actinomyces lignieresi göbələyidir. Aktinobatsilyoza iri və xırdabuynuzlu heyvanlar daha həssas, at, donuz, it nisbətən az həssas olub, nadir hallarda insanlar da xəstələnirlər. Törədici amil qrammənfi, spor və kapsula əmələ gətirməyən, xarici mühitə yüksək davamlılığı olmayan göbələklərdir. Qurudulan zaman və 520C-ə qədər qızdırıldıqda, günəş şüaları altında 15-25 günə məhv olurlar. Yayda otda və küləşdə 5 gün, aşağı temperaturda 6 aya qədər, torpaqda və peyində isə 8 aya qədər yaşaya bilirlər.

Ilk simptomlar: Törədici heyvan orqanizminə ekzogen yolla, əsasən də dodağın və damağın zədələnmiş selikli qişası vasitəsilə daxil olub, boyun nahiyəsində dərini, dərialtı toxumanı, dili, limfa vəzilərini (çənəaltı, udlaqarxası, boyun)  zədələyirlər. Zədələnmiş limfa düyünləri böyüyür, sonra yumşalaraq partlayırlar. Dilin zədələnməsi onun böyüməsi ilə, abseslər və yaralarla müşayət olunur. İribuynuzlu heyvanların cavanlarında dərinin və dərialtı toxumanın fleqmonaya oxşar aktinobatsilyozuna təsadüf olunur. Prosesin inkişafı ilə əlaqədar dəridəki və dərialtı toxumada olan abseslər birləşirlər. Əzələ toxumasının lifləri arasında xoşagəlməz qoxulu, yaşılabənzər irin nəzərə çarpır. Bir çox hallarda xəstəlik süd vəzilərinin zədələnməsi ilə də müşayət olunur. Qoyunlarda isə xəstəliyin 1-ci kliniki nişanələri dodaqların şişməsi və regional limfa düyünlərinin böyüməsidir. Digər simptomlar: Tədricən çənəaltı, udlaqarxası, oyluqönü limfa düyünlərinin zədələnməsi də baş verir ki, udma aktı çətinləşir, heyvan arıqlamaya başlayır. Törədicinin yelinə keçməsi mastitin inkişafına səbəb olur. Törədicinin daxil olduğu yerdə qranulem əmələ gəlməklə irinli-iltihablı proses inkişaf edir, ilkin ocaq ətrafında proliferatit fibrinozlu toxuma yaranır, sonralar sivişlər formalaşır ki, onlardan da xaricə irin tökülür. Törədici limfa damarları ilə regional limfa düyünlərinə yayılaraq yeni abseslərə səbəb olur. Qana keçdikdə isə daxili orqanlarda metastatik dəyişiklilər yaradır.

Diaqnoz: Kliniki baxışın, laborator müayinə üsullarının, patoloji materialın mikroskopiyasına və törədicinin kulturasının ayrılmasına əsaslanır.

Müalicə: Aktinobatsilyozun müalicəsində operativ üsullar və antibiotiklər tətbiq edilir. Antibiotiklər biavasitə dəridəki yaralara və ətraflarına yeridilməlidir. Antibiotiklərin venadaxili və yerli inyeksiyası daha tez və müsbət nəticələr əldə olunmasına kömək edir. Xəstəliyin müalicəsində 4-6 gün olmaqla oksiteraskilin 200 minlik dozada 1 yaşa qədər olan cavan heyvanara, 400 min dozada yaşlılara inyeksiya müsbət effektivlik verir.

Profilaktika: Spesifik profilaktika olmadığı üçün ümumi profilaktik qaydalara əməl olunmalı, heyvanlar bataqlıq otlaqlardan kənar otarılmalı, onlara quru yemlər verilməlidir. Xəstə xəstəliyə şübhəli heyvanlar təcrid olunub müalicəyə cəlb olunmalı, mütəmadi dezinfeksiya tədbirləri aparılmalıdır. Otlaqları dəyişmək, heyvanların yemləndirilməsinə xüsusilə diqqət etmək tövsiyə edilir.

Təfriqi diaqnoz: Xəstəliyi kif göbələkərinin törətdiyi aspergillyoz, pensillomikoz, tuberkulyoz, aktinomikoz xəstəliklərindən və epizootik limfangitdən təfriq edilməlidir.

Qeyd: Aktinobatsilyoz zamanı immunitet olması sübut edilmişdir. Lakin xəstə heyvanlarda spesifik anticisimlərin aşkar olunması və dərinin allergik həssaslığı tədqiq edilməmişdir.

Kənd təsərrüfatı haqqında maraqlı məlumatlar əldə etmək üçü AgroExpert.az saytına daxil olun.